Əşrəf  Veysəlli - MƏNİM ÜRƏYİM

Ədəbiyyat 20:14 / 10.03.2026 Baxış sayı: 171

 

 

Hərdən səhra olan, hərdən bağ olan,

Bir dost kəlməsiylə dönüb dağ olan,

Qisməti həmişə ağrımaq olan,

Dərmanı dağların səhər küləyi,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Dinsin məhəbbəti əziz tutanlar,

Özünü əbədi oda atanlar.

Desin sol döşünün üstə yatanlar,-

Nədir bu dünyadan axı diləyim,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Hər sözə inanıb uyan sən oldun,

Məni quru yurdda qoyan sən oldun.

Bir zaman hamıya hayan sən oldun,

İndi bir köməyi kimdən diləyim,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Qəlbimdə odu var ilk məhəbbətin,

Oldum dilənçisi bir xoş ülfətin.

Tək- tənha yaşamaq çətindir, çətin.

Yenə buza döndü çayım, xörəyim,

Ay mənim ürəyim, mənim ürəyim.

 

Bir məsum, küsəyən, körpə uşaqsan,

 

Dindirsəm sinəmi dağlayacaqsan,

Bilsən hönkür- hönkür ağlayacaqsan-

Yar qənimim çıxıb, əğyar köməyim,

Ay mənim ürəyim, mənim ürəyim.