Ayaz Arabaçı - Dünyanın harasında olursa olsun
Dünyanın harasında olursa olsun,
Ağrıdır məni tökülən qanlar.
Dağılan evlər, alınan canlar.
Önəmli deyil günahsız öldürülənlərin
milləti, kimliyi, dini.
Hər qanlı savaşa qarşı qələmim dik saxlayır
qəddini!
Mən dözə bilmirəm səssiz qətliamlara...
Sönən ocaqlara, sönən şamlara!
Bu təkcə
bir şairin fəryadı deyil,
bütün insanlığın etirazdır.
Soruşmuram, bilirəm ki, fikirlərimlə hamı razıdır.
Bu gün yazı masamda dinir
Güneyin susdurulmuş səsi,
Şərqin bombalanmış ürəyi
Tarixin unudulmuş bir səhifəsi..
Sərhədlər çəkilib sinələrimizə,
Sərhədlər çəkilib Tanrıyla aramıza.
Sərhədlər çəkilib həkimlə yaramıza..
Min cür hədyanlar danışırlar qaramıza..
Hardan başlayaq, nədən başlayaq?
Bəlkə elə göz yaşıyla yazılan sərhədlərdən,
Bəlkə elə yağıların əliylə talanan sərvətlərdən..
Bu torpaq bizə yad deyil,
Vətən quruca ad deyil.
Bax o Araz ki, var
o suda da analarımız uşaq çimizdirib,
paltar yuyub, yun darayıb bir zaman.
Amma indi onların xatirələrini yuyur Araz.
Bax orda onun qırağında
boğulur
ana dilində susan bir uşaq.
Dilinə qan uddururlar.
Məktəbdə adını unutdururlar..
Amma içində səslənir:
Adım Turaldır,Tural...
Damarında Babəkin qanı qışqırır:
Tez böyü,
Haqqını dur Al!
Göz yaşını gizləyir bir ana
fars qadağasında,
Hər yerdə türkə qarşı susqunluq,
Kitablarda qondarma tarix,
Ağaclar köküylə bizim,
Lakin budaqlar özgə əllərdə...
Küçələrdə əsgər çəkməsi
uşaq gülüşünə hədə,
İran deyirlər adına, ancaq mən deyirəm zədə!
İranmı?
Yox,
Iran deyil bunun adı,
Etnik kimliyin basqısıdır,
həm də böyük güclərin savaşları arasında
əzilən Azərbaycandır!
Azərbaycan!
Günahsız insanların harayı ilə daha da
dərinləşən yaram.
Başqalarını bilmirəm,
Mən bu mübarizədə qəzəb manifestimlə varam.
Bu gün raketlər şütüyür uşaq bağçalarında,
məktəb dəhlizlərində..
Səadət arayanlar var qan izlərində.
Uşaqların çantasından kitab yox,
ərəbcə yazılmış dualar çıxır.
Göylərə arzular xəyallar yox, PUA-lar çıxır.
Nə qərb bizə qardaşdır,
nə də şərqin qaranlığı,işıq.
İki od arasında qalmışıq..
Nə qəribədir, bir hissəmiz sevinirik,
bir hissəmiz odlanırıq.
Hələ də, xəritədə yoxdur adlanırıq.
Ölən bizik, danışmayan bizik,
unudulan bizik…
Hekayəmiz boş buraxılır, şerimiz boş buraxılır.
Kimliksiz pasportlarda
milliyyət yerimiz boş buraxılır
Amma torpaq soruşmur heç vaxt:
Farssanmı, türksənmi?
Soruşmur...
Soruşmur.
Daim döyüşdəyik,
Min illərdi ki bəlalar başımızda sovuşmur!
Təbrizin daşları danışır doğma dildə
amma dinləyən yox...
Qədim bir bazarın qapısında
bir qadın pıçıltıyla deyir:
Bu torpağın ruhu türkdür, bala,
qanı türkdür, canı türkdür, vicdanı türkdür.
burda
sözlər farsca səslənir, gözlər türkcə ağlayır.
Urmiyada,
divara yazılmış Azadlıq sözünü hər
gecə silirlər,
sabah yenidən yazılır qanla...
Qar yağanda Zəncanda,
yad əsgərlərin ayaq izləri
uşaq xatirələrini əzir
və sinif otaqlarıında müəllim
türk dili yasaqdır deyir...
Qələmi yerə düşən bir oğlan əyilib
astaca götürür onu
sanki qələmini yox, şəxsiyyətini qaldırır torpaqdan...
Hər şeyi görür dilsiz kameranın gözü, görməsə də Allah..
Amma bilin
Səssizlik, əgər yığılırsa içinə,
bir gün səslənmək üçün vulkan kimi partlayar...
Uzun çəkir arzularımızın ballanması-pətəklənməsi.
Farsın ucbatındandı bu gün
xalqımızın siyasi təklənməsi!
Eləcə də rusun ucbatından, ərəbin ucbatındandı mənəvi parçalanması,
ikiyə haçalanması.
Bəli, onların ucbatındandı
İsrail-İran savaşında oyuncaq kimi istifadə olunması!
Bu gün Təbrizə yağan bombalar
silkələyir babalarımızın ruhunu.
Millət Səttarxan inqilabının yasındadır,
Xiyabaninin kölgəsi yenə zindanlarında astanasındadır...
İndi əllər göyə qalxanda dua üçün yox,
qardaşını hədəf almaq üçün qalxır.
Qibləsi bölünüb bu millətin –
bir yanı Ankara,
bir yanı Tehran,
amma qəlbi hələ də Təbrizdə döyünür...
İsrailin raketləri
başımızın üstündən keçir,
Torpağımızın altından keçir, daşımızın üstündən keçir.
Bizə yer qalmayıb cəbhələrin xəritəsində.
Neçə sərhəd keçmişik biz
amma hələ də azad deyilik...
Hər tərəf fəryaddır, hər tərəf qandır.
Sükutun sonu, vicdanın ayağa qalxdığı andır.
Vicdanla yanaşı-
Ayağa qalxır Söz..
Ayağa qalxır gizlətdiyimiz dillərin içindən,
kiflənmiş tarix kitablarının altından,
anası türkcə ağlayan körpələrin gözündən...
Zəncanın bir küçəsində
bir qızcığaz türkcə mahnı oxuyur
İran əsgəri baxır, amma anlamır...
Guya anlamır..
O anlamasa da,
torpaq anlayır.
Çünki torpağın da dili var,
və o, ana dilimizdə nəfəs alır.
Bir üsyan qopur
min illik sükutun içindən.
Qanla deyil,
qələmlə, dillə, ruhla...
Çünki bizim silahımız
qədim yaddaşın özüdür.
Kül altda gizlənən ocağın közüdür.
Bu gün, ya sabah
dünyanın unutduğu bu xalq,
öz adını öz qanıyla xatırlayacaq.