Arzu Əsəd - Biz aqilik, biz zərgərik, meyarları dəyişirik

Ədəbiyyat 12:38 / 10.03.2026 Baxış sayı: 136

Azərbaycan ölkəmizə atılan dronlara cavab olaraq İrana humanitar yardım göndərdi.

 

Biz aqilik, biz zərgərik, meyarları dəyişirik,

Ürəkləri əridirik - əyarları dəyişirik.

Azərbaycan - Yaradanın insanlığa şəfqət payı,

Yer üzünə dostluq yayır, sevgi yayır, barış yayır.

 

Zalımların qarşısında, məzlumların yanındadır,

Ədalətə könül vermək millətimin canındadır.

Bu dünyanı qorxuzmağa atomu yox, nüvəsi yox,

Amma onun işığı çox, sevgisi çox, hörməti çox.

 

Əsrlərin bülöv daşı - millətimin xeyri, şəri

Ruhumuzda cilalanır insanlığın dəyərləri.

Biz ki nurdan yoğrulmuşuq, biz ki nurdan yaranmışıq,

Yolumuza kölgə salmaz hardan düşür düşsün işıq.

 

İşimizdə haqq,ədalət, sevdamızda güc, qətiyyət -

Üzümüzə, bəxtimizə güləcəkdir qalibiyyət!

Dalğa-dalğa, axın-axın tarix gəlib səndən keçir,

Odlar yurdu, nur saçırsan, qaranlıqlar gendən keçir.