Sevinc Qərib : - SƏNİN BAXIŞINDA ÜMİD GƏZİRƏM...

Ədəbiyyat 18:11 / 16.08.2025 Baxış sayı: 2147

 

Səndən əlimi üzəndə

döyürəm göyün qapısın,

qapının o üzündən

tənbəl mələklərin səsi eşidilir,

yerimirlər,

ləng addımlarla sürüyürlər ayaqlarını.

İl keçir,

zaman ömrümün başına dolanır,

qapı açılmır ki, açılmır...

Unudulur dərdim,

başqa bir dərdin kölgəsində...

Səndən ümidim kəsiləndə

əlimi açıram göyə,

əlim asılı qalır havada,

mələklərin yorğun vaxtına

düşürəm yenə...

Göydən əlim üzüləndə,

yenə qapını döyürəm,

göydən ümidim kəsiləndə

sənin baxışında ümid gəzirəm...