Sevinc Qərib : - GEDİRƏM KÖNLÜYALIN...

Ədəbiyyat 15:58 / 12.08.2025 Baxış sayı: 2827

 

Yenə yollar görünür sən olmayan şəhərə,

Əllərinin həsrətin şaxtada dondururam.

Gözümdəki buludu yem edirəm qəhərə,

Bu sərçə ürəyimi ovcuma qondururam.

 

Dualar göndərirəm sevginin Allahına,

Ayrılığın ömrünü bir az gödək eləsin.

Qaranlığa əsirdi hər günüm vallah, inan,

Az qalır ki, öz əlim özümü kötəkləsin.

 

Aydınlığa çıxaram zülməti pusa bilsəm,

Gəncliyinə susayıb qocaltdığım o qız da.

Yaşayardım bəlkə də içimdə susa bilsəm,

Demədiyim nəsnələr boylanır ağ kağızdan.

 

Gedirəm könlüyalın, ruhum hicran təlaşlı,

Qorxuları yenməyə tab gəzirəm özümdə.

Hardan əsdi bu külək, ömrüm qəmə bulaşdı,

Gün darayan bəxtimi dərd gətirdi gözümdən.

 

Ağ bayraq qaldırmağa ruhumdan ar edirəm,

Adıma bürünmüşəm əyilmərəm kədərə.

Kif basmış arzuları əlçim-əlçim didirəm,

Yeni ümid əyirib don hörürəm qədərə.