Sevil Azadqızı - Zəfərin Mübarək, Azərbaycan!
Zamanın durduğu, tarixin diz çökdüyü o müqəddəs məqamda, hər şeydən əvvəl, canını vətən torpağına fəda edərək bizə bu günəşli sabahları bəxş edən, ölümün üzərinə addımlayarkən əbədiyyət qazanan müqəddəs şəhidlərimizin pak ruhları qarşısında dərin ehtiramla baş əyirik. Onlar qaranlıq gecələrimizi nurlandıran sönməz məşəllər, azadlığımızın əbədi zəmanətidir, hər birinin əziz xatirəsi qəlbimizin ən ali, ən toxunulmaz guşəsində bir and yeri kimi hər saniyə yad edilir və heç vaxt unudulmayacaqdır.
Qaranlığın ən qatı, ən keçilməz divarlarını yarıb keçən o müqəddəs şəfəq... Zamanın nəfəsini dərib yenidən yazıldığı o an gəldi. Bu, sadəcə təqvimdə bir günün doğuşu deyil, bu, torpağın altında uyuyan şəhid ruhlarının göy üzünə çəkdiyi zəfər naxışıdır, anaların göz yaşlarından süzülən duaların mirvariyə çevrilmiş adıdır.
Zəfər Bayramı — daşın daşa, ruhun bədənə qovuşduğu, itirilmiş zamanın geri alındığı o böyük fəlsəfədir.
O müharibə günlərində mənim çiyinlərimə tək bir ananın deyil, bütöv bir xalqın taleyini duyan bir insanın yükləri çökmüşdü. Bir ana kimi ürəyim hər an cəbhədən gələn xəbərlərlə döyünür, hər saniyə oğlumun nəfəsini uzaqlardan duymağa çalışırdı. Bir müəllim kimi hər gün sinif otaqlarında vətənpərvərlikdən bəhs edərkən, içimdəki o böyük qorxuyla qürurun müharibəsini yaşayırdım. Bir yazar kimi qələmimin mürəkkəbinə millətimizin ağrıları, anaların göz yaşları qarışırdı. Və bütün bunlarla yanaşı, bir onkoloji xəstə kimi bədənimdəki o amansız ağrılarla çarpışarkən, ruhumun fəryadını yalnız vətən ağrısı susdururdu. Öz canımın acısını unudub, vətənin canı üçün, oğlumun tək bir tükünə zərər gəlməməsi üçün Allaha yalvarırdım. O qaranlıq və sancılı günlərdə məni ayaqda saxlayan tək şey şanlı ordumuzun qələbə müjdələri və içimdəki sönməz inam idi.
Göylər şahiddir ki, bu torpaq hər qarışında bir dastan gizlədir. Düşmənin polad iradəsinə qarşı dayanan, ölümün gözünə baxarkən belə kirpiyi qırpmayan o cəsur ürəklərdən biri də mənim canım, ciyərim, igid müharibə veteranım — Pənahımdır. Sənin şərəfli döyüş yolun Füzulinin o müqəddəs torpağından, ağır artilleriyanın göyləri lərzəyə gətirən heybətli səsindən başladı. O ağır topların hər bir atəşi düşmənin bağrını yaran bir ildırım, sənin iradən isə sarsılmaz bir qala idi. Sən o atəş yağışının içindən keçərək Cəbrayılın azad nəfəsini vətənə qaytardın, Zəngilanın dağlarına qələbə müjdəsini pıçıldadın. Addımların Xocavəndin sıldırım qayalarında cığır açdı, ruhun isə uca zirvələrlə tən bəsləndi. Və nəhayət, o müqəddəs yolçuluq Şuşanın dumanlı dağlarında, sıldırım qayalarında zəfər bayrağının ucaldılması ilə taclandı.
Sən ki, gəncliyinin ən gözəl çağını, arzularının ən ipək yerini vətən naminə sipər etdin, oğul. Sənin adın, sığınacaq deməkdir, Pənahım; sən bu millətin qeyrət qalasına sığınacaq, o qalanı qoruyan yenilməz bir bayraq oldun. İndi küləklər sənin və sənin kimi qəhrəmanların şücaətini pıçıldayır dağlara. Ağrılar, acılar o böyük qələbənin müqəddəs alovunda əriyib yox olur, yerini əbədi bir qürura buraxır. Ruhumuzun azadlıq nəğməsi dalğa-dalğa yayılır, hər sətirdə vətən sevgisi yenidən alovlanır. Bu zəfər, sənin kimi mərd oğulların qan və tər qoxan, şərəflə yoğrulan alın yazısıdır.
İndi isə, bu müqəddəs və şanlı gündə, canım oğlum Pənahımın timsalında, o amansız döyüşlərin odundan-alovundan keçmiş, ölümün gözünə dik baxaraq tarix yazmış bütün müharibə şahidlərini, qazi və veteran qardaşlarımızı, vətənin basılmaz dayaqlarını ürəkdən təbrik edirəm!
Sizlər bu millətin canı, qüruru və əbədi fəxrisiniz.
Zəfər Bayramınız mübarək !


