Ay Bəniz Əliyar - Çiy kərpicdən tikilmişdi o ev...
***
Çiy kərpicdən tikilmişdi o ev,
damı da uçulmuşdu.
Uçuq yerindən hər dəfə
göyə boylananda
Ay görünürdü gecənin qoynunda....
Sən kəşf eləmişdin oranı...
Yağış divarlardakı suvağı
yuyub qabartmışdı,
Uçulan yeri uçulmuş,
qalanları da qabarıb üzə dururdu.
Üzə durmaq bu qədər
yararsız görünürdü yəni...
Pəncərələri açıq qaldığından
quşlar girib hər küncündə yuva tikmişdi.
Gözəl yuvalardı,
adamda ev qurmaq istəyi oyadırdı.
Amma hörümçəkləri də tələ başındaydı,
elə həyatdakı bəziləri kimi
amansız və qaniçən görünürdülər.
Nə quş yuvalarına toxunmadıq,
nə toz bağlamış hörümçək tələlərinə...
Hamısında bir anlam axtardıq...
Payız xəzəllərini
külək doldurmuşdu döşəməyə.
Xəzəllərdən xalısı vardı sanki...
Ayaqlamadıq,
səs çıxardı deyə qorxduq...
Yəqin qışda da qar dolacaqdı içinə.
Üşüyəcəkdi kimsəsizlikdən...
Üşüyəcəkdi Bizim üçün....
O gün ilin hansı fəsliydi görəsən?
Yadıma salsam keşkə....
Amma dəqiq qış deyildi...