Təranə Məmməd - Görən niyə?

Ədəbiyyat 11:12 / 07.11.2026 Baxış sayı: 753

 

Bir şəhərdə yaşayırıq ikimiz də,

Ayrı düşüb küçəmiz də, evimiz də.

Canlar ayrı, ruhlar əkiz,

Yaşayırıq beləcə biz.

Dolaşırıq qarış-qarış biz hər yeri,

Bu şəhərdə yoxdur bizə görüş yeri...

Bu şəhərin küçəsi var, dalanı var,

Binaların söküləni, qalanı var.

Nə gözəldir səhər çağı,

Göz oxşayan sahil bağı!

Baxıram bu xan çınara,

Əl uzadır ulduzlara.

Yaşıl söyüd əyib başın,

Səhmanlayır üstün - başın.

Göyə dəyir göydələnlər,

Nəğmə deyir qədim şəhər.

Dalğalanan ana Xəzər,

Öpür onu səhər-səhər.

Bu şəhərdə yer var nə çox,

Təkcə görüş yerimiz yox!

Bəlkə onu biz görmürük,

Görən niyə görüşmürük?!