Nurafiz Hüseynov  ŞEİRLƏRİun

Ədəbiyyat 15:39 / 08.11.2026 Baxış sayı: 387

 

Ay zalım, min ildir qapı döyülür

Ləlik quzu kimi ağrılarımın,

Yaman dadanmışam bal sığalına.

Gözündə qəm gülür könül varımın,

Yatıb uyumuşam lal sığalına.

Mənim çəkdiklərim çəkimdən ağır,

Çəkə bilmədiyim qınaq kimidi.

Dərd var, var olubdur təkindən ağır,

Ağrı var astaget qonaq kimidi.

Görürəm divarlar sıxır səsimi,-

enə dəhmərləyir öyü üstümə.

Kəsir kələyimi qəmin əsimi,

Ağrılar əndərir göyü üstümə.

Səsimin altında təklənir nəfəs,

Dizimin heyində tabı döyülür.

Məni məndən çölə çağırır bir səs,-

Ay zalım, min ildi qapı döyülür...

***

Təkəm, qoşunnan keçərəm

A zalımın daş balası,

Suyam, daşından keçərəm.

İnanma ki, boyun əyib

Sənin qarşından keçərəm.

Tuş gəldimmi lüləsinə,

Çətin qıyam əl əsinə.

Düşməm nəfsin tələsinə,

Qu-yam, qursundan keçərəm.

Qərib olan tək mənmişəm,

Olarmı de, Təkləmmi şən?

Elə bilmə təklənmişəm,

Təkəm,qoşunnan keçərəm.

***

Bu səs

Mehriban Zəkiyə

Dua oxuduqca sözdən

İlməyə dad qatır bu səs.

Şeh əmdikcə kiprik gözdən,

Silməyə dad qatır bu səs.

Nəm düşdümü dən üzünə,

Şum çəkir dəni özünə.

Qaytarır məni özümə,

Gəlməyə dad qatır bu səs.

Can ləliyir neydə, udda,

İç ağrısı qalır yadda.

Ölümü sevdirir hətta,

Ölməyə dad qatır bu səs.

***

Özümdən düşüb qalmışam

Özümdən düşüb qalmışam,

Bu soyuq dayanacaqda.

Alnım isidir ovcumu,

Yox bir başqa yanacaq da.

Eh... saatın nə vecinə,

Kimdə uduzdum nəyimi.

Özümə vağzal elədim

İçimdəki göynəyimi.

Fikrim yol şəkir gözümə,

Uzaqların yoxdu dini.

Qayıtmağa vaxtım çatmaz,

Ta özündə axtar məni.

***

Ah çəkib altda qol çək

Gəlməmişdən öncə sən,

Məktub yazıb bir yol çək.

Ünvan yazılan yerə

Ah çəkib, altda qol çək.

De ki, - ahım nisgilə

Çəkilən tər boyadı.

Adından sonra yaz ki,-

Ayrılıqdı soyadı.

Gözünə yığ yolları,

İçindən bir yol başla.

İşdi, gələ bilməsən,

Xəbər göndər yağışla.