Elnur Uğur - Vətən!

Ədəbiyyat 19:56 / 07.11.2026 Baxış sayı: 139

 

Sən mənim varlığım,bəxtiyarlığım,

Ey ağır sınaqda üzü ağ Vətən!

Bu son vuruşunda, haqq duruşunla,

Düşmən sinəsinə basdın dağ,Vətən!

 

Keçən hər günlərim qaralı idi.

Vaxt vardı hər üzün yaralı idi,

Bu tayda Qarabağ aralı idi,

O tayda Vətəndən Qaradağ,Vətən!

 

Daha ölsəm nə qəm, müzəffər ruham,

Eşq saçır hər günə yurdda eşq düham.

Daha Şuşalını görəcək Şuşam,

Yadlara uzaqdan çilçıraq Vətən!

 

Neftçala ayağı məmləkətimin,

Öpüm torpağını oxşayım min-min.

Bakıda döyünən böyük ürəyin,

Qoy olsun daima sağlam,sağ,Vətən!

 

Gülsün Qarabağda şeri Elnurun,

Görsənir Şuşada yeri Elnurun.

Ölsə də, sözləri diri Elnurun,

Qoy olsun zəfərə təmtəraq Vətən!