Şahverən Cavad - Şəhidlər qanıyla tarix yazdılar
Al-yaşıl bayraqdı Şuşa yolları,
Azadlıq yolunda həmişə qan var.
Şəhidlər qanıyla tarix yazdılar,
Bayrağa bükülüb qayıtdı onlar .
Qarabağ yarımçıq ömür kimiydi,
Yaz itib-hər yana payız çökürdü.
Qara şal bağlayıb, yas tutdu göylər,
Yarpaq yox,ağaclar nisgil tökürdü.
Dağlara söykəndi gecələr-divtək,
Səhərlər xəstəydi- yorğun,mürgülü.
Susurdu Şuşada İsa bulağı,
Elə bil,həsrətdən boğazı gəlib.
Pənahəli xanın ruhu qəribdi,
Dualı analar üz tutdu göyə-
Bəlkə də,Allahın xəbəri yoxdu-
Qatillər cənnətə çıxıblar yiyə.
Tarix büdrəsə də,haqq üzülmədi,
Son ümid çırağı sönmədi ancaq.
Bir xalqın qırılan soy tarixini
şəhidlər qanıyla eylədi qaynaq.
Hər əsgər addımı otuz illik yol,
Hər güllə zamanı dəlib,yaxırdı.
Utana-utana gələn tarixə
daşlar da şəhidtək qalxıb baxırdı.
Tarixə yazılsın-8 noyabr-
Bir xalqın müqəddəs Şərəf Günütək.
Deyirəm,hər əsgər ilk Hərbi Andtək-
Zəfər Günümüzə and içsin,gərək!
07. 11. 2026