Bəhruz Niftəliyev -Göz yaşları ruhundaca qovrulan
Göz yaşları ruhundaca qovrulan,
Öz içindən çöl üzünə qovulan,
Payız olub yarpaqlarla sovrulan,
Adamları görürsənmi, ey Tanrı?
Səsə durdum, sənə gəldim, tapmadım,
Gündüz gəzdim, gecə gəzdim, yatmadım,
Sədlər qoydun, sərhədləri adladım,
Ədaları görürsənmi, ey Tanrı?
Mən əlaçıq, mən balaca bir bəndən,
Ruhum böyük bu dünyaya min bədən,
Üsyanımı eşitmədən, bilmədən
Nidaları görürsənmi, ey Tanrı?
Sığanmadım, sağalmadım, beləsi…
Olanmadım bir kimsənin kölgəsi,
Bağlansa da… mən sözümün köləsi,
Qapıları görürsənmi, ey Tanrı?
Əta etdim, vəfa etdim dostluğa,
Bariz oldum, məruz qaldım yoxluğa,
Bir balaca düşən kimi boşluğa
Ədaləti görürsənmi, ey Tanrı?
Çox yalanlar sezib susan olmuşam,
Ümidimi səndən üzən olmuşam,
Deyirlər ki, yaxşı insan olmuşam,
Səadəti görürsənmi, ey Tanrı?
Nə qiyamım, nə qiymətim var indi,
Nə bir gücüm, nə qüvvətim var indi,
Allah boyda tək qüdrətim var indi,
Kəhanəti görürsənmi, ey Tanrı?!
08.11.2026