Şeirləri oxucunun könül dünyasının səyyarəsidi
Hüseyn Arifin “Şeir deyilmi?” şeirini mən də sevgilərlə oxumuşam, bu sevgilərlə də yaddaşımda qalıb. Görünənlər hamı üçün eyni olsa da hamı onu eyni cür görmür. Şeir bu müxtəliflikdən yaranır. Onda şeirə həm də duyumun poetikası deyə bilərik. Şairlər görünənləri şeirləşdirir, hamı üçün eyniləşdirir. Şeir hamının ruhunun həmsöhbəti olur.
Oqtay Zəngilanlının yaradıcılığı çoxşaxəlidir. Jurnalistika, tarixi-etnoqrafik araşdırmalar, poeziya. Hər birində yaradıcılıq uğurları qazanmış Oqtay Zəngilanlı üçün söz müqəddəsliyi var. Sözü səmimiyyətlə mətləbləşdirən, mətləbini müxtəlif ədəbi müstəvilərdə təqdim etməyi bacaran Oqtay Zəngilanlının səmimi yaradıcılığı böyük sədaqətə və vətənpərvərliyə söykənir.
Səmimi sevgi böyük vətənpərvərliyin işığıdı. “Dağlar üz döndərib məndən, “Bir tənhalıq axtarıram“, “Çəkir öz dərdini özündə dünya“, “İç dünyama səyahət” kitabları kimi“Zəngilan: tarixi, coğrafiyası, iqtisadiyyatı”, “Mincivan: sirli-soraqlı dünyamız” kitablarıda poetik duyumla yazılıb, belə də oxunur. “Dünyanın ən böyük çinar meşəsi” əsəri tarixi xatırlatmadı, bu xatırlatma böyük vətənpərvərliyin sözlə ifadəsidi; dəyərin əsəri həmişə dəyərli olub. Elmi əsəri üçün mövzu olan çinar meşəsi Oqtay Zəngilanlının poeziyasında da eyni sevgilərlə (və Zəngilana sədaqətlə!) öz layiqli ifadəsini tapır:
Yaşıl yarpaqları varaqlayaraq,
Yayır hər tərəfə incə bir səsi.
Xəfifcə meh ilə sığallanacaq,
Bir nəğmə bəxş edir çinar meşəsi.
Şeir gözəlliyin vəsfi deyil, gözəlliyin sözlə rəsmidir. Oqtay Zəngilanlının bədii təfəkkürü ilə bu təqdim tarixə sözlə (şeirlə) şair salamıdır...
“Haqsızlığın qara rəngi hopur tarix yaddaşına”, ona görə də “ən böyük vətəndaşlıq yurd (Vətən –B.M.) sevgisi ilə yaşamaqdı”, “ən böyük hünər xalqın oğlu olmaqdı”. Oqtay Zəngilanlı bu gözəl fikirləri gözəl poetik dərklə təqdim edib və bunlar onun vətənpərlərlik şeirlərinin epiqrafı kimi qəbul edilə bilər.
Oqtay Zəngilanlı Zəngilana xitabən (bəlkə də bütün zəngilanlıların adından) deyir ki,
Əl uzatdım dönə-dönə
Əlim sənəçata bilmir.
“Arazı oğluna-qızına hicran çayı bilən” Oqtay Zəngilanlının şeirlərinin əksəriyyətində Vətən kəlməsi işğal olunmuş Zəngilanı ifadə edirdi – bu işğal vətəndaş Oqtay Zəngilanlının heysiyyətini titrətdiyinə görə şair Oqtay Zəngilanlının sözünü (poeziyasını) mübarizləşdirirdi. Torpağın işğaldan qurtuluşu niyyətinə sarılan həmin şeirlər, obrazlı şəkildə desək, zamanında əsgərləşmişdi. “Baba ocağında köz itirən” Oqtay Zəngilanlının dərdi fərdi dərd olmayıb, bəşəri dərd olub, bu dərd Zəngilansızlıq dərdi idi. “Yurd-yuvama qayıdacam”, “Zəngilanda gəz məni”, “Vaxtıdır”, “Qılıncım yuyacaq günahlarımı”, ... kimi şeirlərin zəmanəti ilə deyə bilərəm ki, Oqtay Zəngilanlı bu dərdin şairidi. Bu dərd ağlar, nalan dərd deyil, mübariz dərd olub. Bu dərdin kölgəsində qalmağı özünə də, Zəngilanı sevən Zəngilanlılara da haram bilib.
Yüz sarayda dərrakəmlə dürr seçəm,
Qəribliyin karvanında bir köçəm,
Ümid umur sabahımdan hər gecəm,
Alammıram torpağımın qoxusun.
(“Alammıram torpağımın qoxusun”)
Oqtay Zəngilanlının Vətənə sevgisi də, Vətən həsrəti də özünəməxsusdu. “Verməmişəm Vətənimə borcumu” deyən şair üçün bir yaşam düsturu var: Vətən, Vətəndə yaşamaq səadəti. Bu düstur vətənpərvərlik fəlsəfəsidi. Zaman-zaman bu fəlsəfə öz ifadəsini klassik Azərbaycan poeziyasında da tapıb. Oqtay Zəngilanlı yazır ki,
Haray çəkən Zəngilanam, Ocaq Çinar ağacıyam,
Füzuliyəm, Cəbrayılam, Diri dağın ağ saçıyam,
Özgə dərdim yoxdu mənim, Qarabağın möhtacıyam,
Unutsam da hər bir dərdi, unudulmur Vətən dərdi.
(“Unudulmur Vətən dərdi”)
Əksər istedadlı şairlərimizin yaradıcılığında poeziyamızın dünənlərinə sevgi də var, rəğbət də, sədaqət də. İstər mövzu yaxınlığı, istər bu mövzulara şair (vətəndaş) münasibətinin tarazlıığı, istərsə də mövzuların poetikası arasında sələf-xələf doğmalığı XX əsrin sonlarında ədəbi prosesi şərtləndirən amillərdən olub. Bu amil Oqtay Zəngilanlının yaradıcılığında da hiss olunur. Bəxtiyar Vahabzadə yazmışdı:
Füzuli qürbətdən Vətənə baxırdı,
Mən isə Vətəndən Vətənə baxıram.
Bu ağrılı məqamı Oqtay Zəngilanlı başqa bir çalarla təqdim edib. Oxucu bu təqdimin müharibə ovqatını yaşayır, tarixi Zəfərdən sonra işğalın təəssüfü kimi yaşadıqlarını Azərbaycan Ordusuna qürur kimi yaşayır:
Həsrətlə Vətəndən Vətənə baxan
Didərgin ömürlü bir şair gördüm...
Didərgin ifadəsi qaçqın anlamındadır və misranın mahiyyəti qaçqın ömürlərə şair heysiyyətidir. Onun “O tay Vətən, bu tay Vətən deyilmi?” şeiri də bu ağrıların (həm də poetik ağrıların) ifadəsidi...
Artır Vətənimin şöhrəti-şanı,
Vətənə bağlıdır xalqımın canı,
Tanıyır dünyamız Azərbaycanı... –
(“Qələbə sevinci ver bizə, Allah”)
deyən Oqtay Zəngilanlının poeziyası inamın poeziyasıdı, bu inam dövlətçiliyə sədaqətdən yaranan inamdı, Ordunun qüdrətinə inamın poeziyasıdı. “Hər zülmət gecənin olur gündüzü” (“Qələbə sevinci ver bizə, Allah”), və yaxud “Hər zülmət gecədən bir gündüz doğar” (“Göz yaşlarım var”), “Həsrətli Cıdır düzü, Deyir “Cəngi çal bu gün” (“Deyir “Cəngi çal bu gün”) kimi misralar işğal dövründə işğaldan qurtuluş uvertürasının zərrələrindən olub...
Oqtay Zəngilanlının qəzəllərinin mövzusu mövzu baxımından da xarakterikdir, əruzun tələbləri bxımından da, poetik yükü ilə də. Vətəndən yazılan qəzəllər də düşündürücüdü, səmimidi, sevgidən yazılan qəzəllər də, Azərbaycan poeziyasının qədimlərinə, keçmişinə sevgi də. “Fizuli nişanəsi var”, “Könlümü qan eyləmisən”, “Sızlayır səsim gecələr”, “Segah”, ...bu qəbildəndir.
Oqtay, söz mülkünə gir, ara söz sultanlarını,
Söz mülkünün sultanı, Füzuli şahanəsi var.
Qürur sevgidi, sevgi sədaqətdi, sədaqət tarix. Qəzəl bu baxımdan tarixə, tarixi şəxsiyyətə, bəşəri poeziyanın Füzulisinə böyük ehtiramdı.
Oqtay Zəngilanlı da şeirlərini min illik Azərbaycan poeziyasının işığında yazır, həm sözə, həm dünyəvi söz sərraflarına, həm də bəşəri poeziyanın yaradıcılarına sonsuz sədaqətə görə. Böyük Nizami necə deyirdi? –
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Eşq, sevgi, məhəbbət, istək həmişə dünyəvi şeirin mövzusu olub. Tarixi sevgilərə də əsərlər həsr olunub, təxəyyülün yaratdığı sevgilərə də. Hamısında sevgi də olub, həsrət də. Hərdən sevgi də tərənnüm edilib, həsrət də. Oqtay Zəngilanlının yaradıcılığında da belə şeirlər var. Bu şeirlər də duyğuların poetikası kimi təqdim edilib, belə oxunur:
Eşqin edib məni kölə,
Yandır, yanım dönüm külə,
Al camımı gülə-gülə,
Qəmli baxma gözlərimə.
“Qəmli baxma gözlərimə”)
Şeir sanki ruhun təvəqəsidi, ricasıdı. Ona görə də bədii “mən”deyir ki, “Şirin xatirə, acı göz yaşı”olduğu üçün “Sənsizli günlərim özümün deyil”. “Gözlərimin qarasında” şeirində bədii təşbeh bədii “mən”in ritorikadan uzaq (və gerçəkliyi ifadə edən!) müraciətinin poetikasıdır:
Sənsizliyi səsləmişəm
Tənhalığın səhrasında.
Bu, sevginin qüdrətidir ki, səssizlik də harayları eşidə bilir, həm də kimsənin olmadığı yerdə, tənhalıq səhrasında! Bu, şair Oqtay Zəngilanlının poetik uğurlarındandır...
Oqtay Zəngilanlının “Zəfər marşı” Vətənə sevginin söz abidəsidir...
Böyük Nizaminin 880 illiyinə həsr etdiyi əsərini Oqtay Zəngilanlının yaradıcılığının ağ işığı adlandırmaq olar. Oqtay Zəngilanlı bu əsərində dövrün poetik formasını saxlamaqla sözlə Nizaminin şeiriyyət dünyasının xəritəsini çəkib.
Oqtay Zəngilanlı Vətəni də, vətəndaşlığı da, vətəndaşların duyğularını da şeirləşdirməyi bacaran şairlərimizdəndir.Onun şeirlərini oxucusu könül dünyasının səyyarəsi bilir; Oqtay Zəngilanlı oxucularının könlünü şeir-şeir fəth edib...
Bayram MƏMMƏDOV,
Əmkdar müəllim
.
.