Sevinc  Qərib - KÖNLÜMƏ DÜŞMÜSƏN

Ədəbiyyat 18:34 / 15.06.2026 Baxış sayı: 195

 

Könlümə düşmüsən ay ömrüm-günüm,

qoşul küləklərə çatdır özünü.

Həsrətin qulağın kar edib ünüm,

harayım dolaşır bax, göy üzünü.

 

Arxanca atdığım su da qurudu,

gözümün nəmini gizlətmir gecə.

Qəfil gedişindən hicran yarıdı,

bilmirəm özümü ovudum necə...

 

Baxışımda ha uzanar bu yollar,

çəkə-çəkə gətirərəm gözümə.

Gözlərimi qəm buludu qucaqlar,

kədər izi kölgə salar üzümə.

 

Ahımı dağlara apardı yellər,

dağlar da öyrənib ah ötürməyə.

Elə qəribsəyib bu tənha əllər,

ovcundan ovcuma od götürməyə...