Ayaz Arabaçı - Buqələmunlar..

YAZARLAR 11:53 / 15.06.2026 Baxış sayı: 477

 

Bayaq günəş eynəyi almaq üçün Koroğlu metrostansiyasının ətrafındakı bir mağazaya girdim. Girişdə müxtəlif çeşidlərdə eynəklər bərq vurur, göz oxşayırdı..

Mən necə deyərlər seçim qarşısında qalmışdım.

Hansını ala biləcəyimi götür-qoy eləyirdim. Satıcı qız yaxınlaşıb, bəlkə sizə xamilyon bir eynək verim dedi.

Bilmirmiş kimi soruşdum:

-Xamilyon nə demək?

Gülümsədi, hər rəngə düşə bilir. Düzdü onun təklif etdiyi eynəyi almadım. Başqa birini götürdüm və xoşuma bu gəlir, dedim.

Sonra düz ofisimə qədər gedən avtobusuma tərəf getdim..

Avtobusa əyləşər-əyləşməz buqələmun sözü fikrimi məşğul elədi.

O komediyada deyilir e, meymunu yadınıza salmayın.

Mən də nə qədər istədim bu sözü unudum, olmadı ki, olmadı..

Dedim eybi yox, ofisimə çatım, bu barədə bir şeylər yazaram..

Nəhayət, ofisimdəyəm..

Beləliklə başlayaq..

Bildiyimiz kimi buqələmunlar təbiətdə rəngini təhlükələrdən qorunmaq üçün dəyişir. Amma cəmiyyətdə, xüsusilə də bizim mənsub olduğumuz cəmiyyətdə vəziyyət bir az başqa cürdür, burada rəng dəyişmək yaşamaq yox,mənsəbə çatmaq, yüksəlmək üsuluna çevrilib.

Bizim mühitdə buqələmunlar həndəsi silsilə ilə çoxalır. Bizim mühit dedikdə təkcə ədəbi mühiti nəzərdə tutmuram.

Bu siyasətimizdə də var, təhsilimizdə də, ticarətimizdə də.

Siyasətdə dünən bir fikrin alovlu müdafiəçisi olan adam, bu gün həmin fikrin ən sərt tənqidçisinə çevrilir. Elə çevrilir ki, adam mat qalır..Ölkə bir təşkilatın şinelindən çıxıb yüzlərlə qola bölünmüşlərlə, əqidəsinə tüpürmüşlərlə, cilddən-cildə girmişlərlə doludur Qardaş türklər demiş İnsan şoke olur..

Təhsildə də fərqli deyil. Təhsilşünasilərimiz elmə, zəkaya, biliyə yox, küləyin istiqamətinə uyğunlaşır.Rəhmətlik Oqtay Rza belələrinə flüger deyirdi. Onlar hansı fikir dəbdədirsə onu müdafiə edir, hansı söz "alqışlanır"sa tutuquşu kimi onu təkrar edir.

Ticarətdə isə buqələmunluq artıq peşəyə çevrilib. Nə dost bilinir, nə qardaş, nə əmi, nə dayı..

Ən qəribəsi də budur ki, artıq insanlar bu buqələmunlaşan adamları görəndə təəccüblənmirlər. Əksinə, düz, ilqarlı, sədaqətli, vəfalı adam görəndə onu lağ obyektinə çevirirlər.

Halbuki ağacın gücü kökündədir, rəngində yox.

Buqələmunluq insana bir çox şeylər qazandırır,və biz bunu hər zaman müşahidə edirik. Ev, maşın, pul, hətta şərəf, şöhrət ordenləri.. Amma o da məlumdur ki, rəngdən-rəngə girən adamın bir gün öz rəngini unutmaq təhlükəsi var..

Bir ölkə düşünün, elə bir ölkə ki, məsələn bizim ölkə - insanlar peşəsinə görə yox, rənginə görə tanınır.Çünki burada fikir poladdan deyil plastilindədir..

Dünən xalq deyən, bu gün evim deyir. Dünən haqq deyən, bu gün şəraitim deyir. Dünən yumruq bulayan, bu gün quyruq bulayır. Sabah yenə də dəyişəcək.Yenə də o fikrə qayıdıram, çünki burada fikir poladdan yox deyil plastilindəndir

Sonra da deyirlər: nə etməli, dövr belədir.

Yox, əmoğlu, dövr belə deyil.

Dövrü bu günə həm də sənin buqələmunluğun qoyub.

Buqələmunlar indi ən ağıllı adamlar hesab olunur.

Qorxuram ki, olan-qalan ümidimiz də bir gün rəngini dəyişə..

Və buqələmunluq yaddaşını itirmiş cəmiyyətin portretinə dönə.

Çalışaq buqələmunlar dövründə adam qalaq..