Sevinmək həvəsi -  Rafail Inceyurd Ismayilov

Ədəbiyyat 09:17 / 16.06.2026 Baxış sayı: 455

 

Çox sevinə bilmədik ta əzəldən,

Heç olmasa, hərdən cüzi sevinək.

Yönəldib də bir işıqlı gümana

Könlümüzü, gözümüzü, sevinək.

 

Kin yağsa da hər küncdən, hər bucaqdan,

Nur da gəlir uzaqdakı ocaqdan.

Mehr ummasaq özgələşən qucaqdan,

Parpılayıb özümüzü sevinək.

 

Gərək gözəl gözəlliyi bölə ki,

Görüb yığaq gözümüzə höləki.

Bax, qımışır kül altında hələ ki,

Qurdalayıb közümüzü sevinək.

 

Gəl, doy gələk hər qəfləti zərbəyə,

Gəl, sığınaq oğullara “nər”- deyə.

Çıxmasaq da umduğumuz zirvəyə,

Qoruyub da dizimizi sevinək.

 

Yox! Korşalmaz mütləq haqqın tiyəsi,

Hələ durur niyələrin “niyə”si.

Əgər varsa yerin-göyün yiyəsi,

Ona tutub üzümüzü sevinək.

16.06.26