Tərəddüd - Rəfail Tağızadə
Ədəbiyyat
21:49 / 15.06.2026
Baxış sayı: 193
Gecənin bu sakit, hüznlü vaxtı,
ürəklə qapımı kim olar döyən?
Doğmamı, özgəmi bu qəfil gələn?
Kimlərin yadına düşmüşəm görən?
Bu əski qapılı, əski qıfıllı
bu kasıb komamı kimdi tanıyan,
kimdi gecə vaxtı məni arayan?
Adamın ağlına min güman gəlir,
başımda min xəyal dolaşır, gəzir.
Çoxdan unutmuşam qonaq–qaranı,
Tanrımı göndərib gələn qonağı?
Qaranlıq gecəyə ay doğan kimi,
qapının ağzında gecə qonağı.
Bir əlim dəstəkdə, biri cəftədə,
açım, ya açmayım?
Bilmirəm hələ...