Əlizad Nuri - Səhrada gül

Ədəbiyyat 19:33 / 15.06.2026 Baxış sayı: 199

 

Sağ ol könül, başını dik tutmusan,

Yan-yörəndə biganələr dolaşır.

Bir gül açıb yaxasını bülbülə

Bu yaxada nə mənalar dolaşır.

 

Baxtsıza bax, xəyalında baxt qurub,

O saat da hamı üçün vaxt qurub...

Məcnun eşqdən bir səhrada taxt qurub,

Min ildir ki, əfsanələr dolaşır.

 

Bir ağrıyam, yaralı quş səsində,

Göz yaşı var o quşun nəğməsində.

Hamı yatıb gecənin kölgəsində,

Hamı yatıb, divanələr dolaşır...

 

Ney səsi var bu ahda, bu nalədə,

Ay da sirdir- nə varmış o halədə?

Şam da ölmüş... ətrafında hələ də

Sədaqətli pərvanələr dolaşır..