Aləmzər Sadıqqızı - Səninlə son qoya gözəl nağıla...

Ədəbiyyat 10:05 / 16.06.2026 Baxış sayı: 1865

 

Sən mənim ömrümə gəldin gələli,

Doğulub içimdə təzə arzular.

Silinib alnımdan köhnə nələr var,

Allahdan yazılır bütün yazılar...

 

Bu dünya sirr olub əzəldən bəri,

Kiminin əvvəli kiminin sonu...

Bəlkə də ən gözəl nağıldı inan,

Tapasan sonunda sevdiyin "O"nu...

 

Bir günmü, on günmü, on ilmi bəlkə,

Tanrıdan verilən ömrə güləsən.

Xoşbəxt buraxasan doğmalarını,

Dünyadan əl-ələ köçüb gedəsən...

 

Bəlkə də bir Aləm yaradıb Allah,

Qəmindən, dərdindən yeni dogula.

Boğula-boğula sürdüyü ömrü,

Səninlə son qoya gözəl nağıla.

11.6.2025.