Ayaz Arabaçı - Bizim dərdlərin də dərmanı bir gün

Ədəbiyyat 16:59 / 16.06.2026 Baxış sayı: 212

Bizim dərdlərin də dərmanı bir gün,

Tapılar darıxma, bala, tapılar..

Biz də sığınarıq bir istehkama,

Bizi də qoruyan qala tapılar.

 

Hələ ki, kef çəkib çalır çırtığın,

Meydanı genişdir şitin, sırtığın,

Bu qədər azğının , ağzıyırtığın,

Ağzını yummağa mala tapılar..

 

Hərlənib əlindən son ümid çıxar,

At deyib öydüyün tale it çıxar,

Bir gün yer yarılar, bir igid çıxar..

Zamanı fırlayan dala, tapılar.

 

Həyat bumeranqdı, gen qaz,dərin qaz,

Sözdü də deyirəm, bir kənara yaz,

Torpaq o qədər də əlini yummaz,

Səni də qoymağa çala tapılar.

 

Enərsən taleyin köhlən atından,

Sınarsan bir anda yeddi qatından,

Gözəlim Allahın bankomatından,

Sənə də verməyə bəla tapılar.