Saqif Qaratorpaq - Tələs,ya da tələsmə,
Tələs,ya da tələsmə,
Ömür-gün beşcə gündü.
Bir eşqin mükafatı
Bir ürəyə sürgündü.
Bir xatirə uyuyur
Hər qara daşın altda.
Bir bənövşə boy verər
Bir gün göz yaşın altda...
Nə fərqi,yüz hesabla,
Gün çatmaz ötən günə.
Hər gün bir dərd gətirər
Köhnə dərdin üstünə.
Damır daş da,divar da,
Yollar qardı,yağışdı.
Köçünü tez hazırla,
Barxananı yığışdır...
Gecdi...ömrün rəsmini
Vaxt yox yaxşı çəkməyə.
Barı bir qəlb sevindir,
Tələs bir gül əkməyə.