Saqif Qaratorpaq -  ŞEİRLƏR

Ədəbiyyat 21:22 / 06.08.2024 Baxış sayı: 1810

 

Yarızarafat,yarıciddi...

 

Deyirəm,bitdi hər şey!

Ancaq özüm bitirəm...

Nə ola,yaddaşımı

Yolda salıb itirəm.

 

Unudam ünvanımı,

Yaddan çıxa ev-eşik.

Vəfasız ömrə-günə

Daha çəkməyəm keşik.

 

Silinə yaddaşımdan

Hətta sevdiyim qadın.

Yanından ötüb keçəm,

Yadımdan çıxa adın...

 

Ömür-gün təzələnə,

Hər şey baş-ayaq ola.

Ürəyim əl dəyməyən

Ağappaq varaq ola.

 

Yadıma da düşməyə

Mənə çəkdirdiklərin.

Olmaya bircə damcı

Məhəbbətdən xəbərim.

 

Mən də təzə sətirdən

Başlayam dastanımı.

Heç olmasa bu dəfə

Gəlib kəsmə yanımı...

 

Orda sən sus,burda mən...

 

Yenə yağış başladı...

Hava soyuq,torpaq nəm.

Yenə səndən xəbər yox,

Sükuta tutmuşam dəm.

 

Ayağını sürüyür

Asta-asta buludlar.

Baharın göz yaşından

Sırğa taxıb göy otlar.

 

Nə soraq var,nə bir zəng...

Nə döyən var qapımı.

Öz içinə qısılıb,

Sevgi acıdı hamı...

 

Dayanıb qum saatı

,Vaxt da gedib yatmağa.

Min ildi yol gəzirəm,

Özümə qayıtmağa.

 

Daha gecdi...xərclənib,

Tükənib çoxu ömrün.

Son ucu tənhalıqdı,

Ha uzatsan bu ömrü.

        *-**

Daha güvənmə mənə,

Sən səhv elə,

üstünə gəlsin hamı.

yüyürsün əli baltalı,əli baltasız…

Dost da düşmən olur

öz içindən yıxılanda adam…

Qışqırmağa dəyməz,

Haqq elə haqdı,

inansan da,inanmasan da.

Doğru elə acıdı,yemək olmur,

cızdağı çıxır adamın.

“Bağışladım” deməklə,

bağışlanmır günahlar.

Mən elə həmən adamam,

amma saçımda qışdı,

üzümdə payız…

əllərim çinar budağı.

Sökülmüş ömrümə

yamaq vurmaqdı işim.

Təsəllim

ürəyimə işığı düşən adamlar.

Toxunma,damasıyam.

Çox heyif,son baharda

Boş leylək yuvasıyam...

 

Yenə səndən xəbər yox,

Sükuta tutmuşam dəm.

Bu gün- susmaq günüymüş...

Orda sən sus,burda mən...