Saqif Qaratorpaq - Mən belə dəliyəm, məni görmə,get!

Ədəbiyyat 15:47 / 28.03.2026 Baxış sayı: 442

Mən belə dəliyəm, məni görmə,get!

Xoşuna gələsi axı nəyim var?

Sevda ətri verən, şeir qoxuyan

Nəfəsi yanıqlı qırıq neyim var...

 

Bir eşqin yarası sinəmdə göz-göz,

Hər gün həsrət-həsrət çiçəkləyərəm.

İçimdə bir bahar buludu ağlar,

Misra-misra, bənd-bənd çisəkləyərəm.

 

Nə xoşdu özümə verdiyim cəza,

Əzabım -qönçədi, ağrım- tumurcuq.

Mİn ildi özündə azan dərvişəm,

Ürəyi-xaraba, koması-uçuq.

Məni sözə tutma,sözə uyaram,

Qəfil kövrələrəm...sonra gec olar.

Qapısı gül açar kimsəsiz evin,

Bu yurddan o yurda köçhaköç olar.

Səni aldatmasın bu yaz havası,

Tələsmə dumandan, çəndən keçməyə.

İlişib qalarsan sol tərəfimdə,

Yol tapa bilməzsən məndən keçməyə...