Ayaz Arabaçı - Ürəyimi əcəl təri apardı
Ürəyimi əcəl təri apardı,
Sən getmisən,
unutmuşam sanma ki.
Yağış yuyub bu şəhəri apardı,
Yoxluğunu yuyammadı amma ki..
Sinoptiklər gül ağzını açıblar,
Deyirlər ki, üç-dörd gün də yağacaq.
Yerin bütün dənizləri acıblar,
Tanrı bütün buludları sağacaq.
Ağrılarım gözlərimdən oxunur,
Yığılmışam içimdəki nəvaya.
Hər addımım yoxluğuna toxunur,
Sənsizliyin dadı hopub havaya..
Göz yaşlarım sənə gedən çapardı,
Suya düşdü ümidlərim bu ilə.
Yağış yuyub bu şəhəri apardı…
Axıb getdi xəyallarım su ilə.
Susub qalıb martın gümüş küləyi,
Navalçalar şırıl-şırıl axıb hey.
Gündüz yağıb soyumayıb ürəyi,
Dəli-dəli gecəni də yağıb hey.
Hər damlada bir az yoxsan, bir az var,
Dərd dəyişmir nə üzünə çevirsən.
Sənə görə çiçək açıb yağışlar,
Demişdin ki yağışları sevirsən.
Kaş ki, elə payız kimi tapardım,
Eh, ilk gündən yaz havalı deyildin.
Yağış yuyub bu şəhəri apardı,
Sən bu qədər ağlamalı deyildin.