Saqif Qaratorpaq - Bu sevgi- sirrimizdi
Bu sevgi- sirrimizdi,
Xəbəri yox bir kəsin.
Gizli saxla, əzizim,
Qoy bir kimsə bilməsin.
Gizli-gizli pıçılda
Adımı ürəyində.
Gecə yuxuna gəlim,
Gizlənim bəbəyində.
Hərdən bir az gülümsə,
Baxışların danışsın.
Bu sevdanın odunda
Ürəyimiz alışsın.
Uzaqdan...lap uzaqdan
Gizli boylan,gizli bax!
Su kimi ruhuma hop,
Nur kimi könlümə ax!
Bir ömür yanımda ol,
Bilinməsin kimliyin.
Sükutunu poz barı,
Hər gün bu səssizliyin...
30.03.2026.