Fərhad Tapdıqoğlu - Qarabağ müharibəsi dəhşətləri

YAZARLAR 09:41 / 31.03.2026 Baxış sayı: 526

31 Mart-Azərbaycanlıların soyqırımı günüdür

 

Ana 9 və 14 yaşlı oğlanları,15 yaşlı qızı ilə 5 gün əsirlikdə

1991-ci ilin dekabr ayının 7-dir.

Afizə yatağından qalxanda hələ qaranlıq idi. O samovara od saldı.Paltar qazanını su ilə doldurub ,üçbucaq şəkilli ocaq daşlarının üstünə qoydu.Qazanın altına odun yığdı, üzərinə bir az ağ neft töküb,yandırdı.

Suyu qaynadıb ,paltar yuyacaqdı.İnəkləri sağdı.Həyat yoldaşı Niyazın çay-çörəyini verdi.

Niyaz səhər yeməyindən sonra mal-qaranı tövlədən ,qoyun -quzunu ağuldan çıxarıb ,qabağına qatıb,örüşə apardı.20-yə yaxın mal-qaraları,100-ə yaxın qoyun -quzuları vardı.

Afizə Kirs dağına,Kəkilli dağa baxdı.

Ermənilərin yaşadıqları Maşad kəndinə,Coc,Kert kəndlərinə boylandı.

Başı dumanlı Şuşa dağları necə də gözəl görünürdü.Sakitlik idi.Hinin qapısını açdı,toyuq cücələrə dən səpdi.Sonra ağzına bir loxma çörək aldı,bir stəkan çay içdi.Uşaqlar hələ yatırdı.

Afizə su qaynadıqdan sonra onu paltar teştinə tökdü,qaynar suya azca soyuq su əlavə etdi. Çirkli paltarları suyun içinə atdı,üstünə "dərman" ( yuyucu toz,poroşok) tökdü...

Paltarları yuyub sərdi...

...Afizə danışdıqca məni qəhər boğurdu:

---Hər səhər əynimizə təzə paltar geyərdik ki,birdən qaça-qaç düşər...

Amma inana bilməzdik ki,bir kəhrizdən iki il öncəyə qədər su içdiyimiz,xeyrimiz- şərimiz bir olan ermənilər bizə pislik edərlər...

Heç ağlımıza gəlmirdi ki,bizim torpaqlarımızda heyvan otaran, bar-bəhərindən yeyən ( haram xoşları olsun) qonşular...

Afizə sözünün ardını gətirə bilmədi,göz yaşları onu boğdu...

Uşaqlar oyanandan sonra onların da səhər yeməyini verən Afizə ev işləri ilə məşğul olmağa davam etdi.Qatığı nehrəyə doldurub ,çalxadı,südü bişirdi.Günortaya xörək hazırladı...

Ata evindən gətirdiyi sehiz sandığını açdı,ora göz gəzdirdi.Yeni satdıqları cöngənin pulu olan bağlamanı da açdı,baxdı...o biri bağlamada olan pulları bir də yoxladı...

Qızı Zöhrənin artıq 15 yaşı vardı.Onun adına aldığı xırda cehizləri də nəzərdən keçirdi.

Teymur da,Zaur da böyümüşdülər. Çöl işlərində atalarının yanında olurdular.

Onların da qarşıda hərbi xidmətləri vardı...

Yığdığı pullara hətta bir barmaqçıl ( nişan üzüyü) da almışdı Afizə...

9 yaşlı Seymur,14 yaşlı Elbrus da,qardaşları Zaur,Teymur və bacıları Zöhrə kimi valideynlərinə təsərrüfat işlərində köməklik edirdilər...

Uşaqlar təxminən 150 metr aşağıda ,dərədə olan subartezian quyusundan su daşıyıb qablara doldurdular, başqa xırda işlər də gördülər...

Beləcə günorta oldu.

Uşaqlar günorta yeməklərini yeyib,evlərinin qənşərinə çıxdılar. Saat 2 ilə 3 arası idi.Elə bu zaman...

Bu zaman aşağıda atışma səsləri eşidildi.30-40 nəfər əlləri avtomatlılar ata-ata ,dərəyuxarı onlara tərəf gəlirdilər.Dörd bir yanda silahlı düşmən...

Afizə tələm-tələsik qızılları ( üzük-sırğa dəsti,qızıl saat,iki barmaqçıl,başqa qızıllar) və pulları taxıl çuvalında gizlətdi...

Silahlı "haylar " artıq qapıda idilər. Onlardan biri söyə-söyə 9 yaşlı Seymuru tutub, başını evin həyətində olan şiferə vurdu.

Artıq evə od vurmuşdular...

Silahlılardan biri "bəlkə uşaqları aparmayaq" -desə də,bu anda özlərini bura yetirən qonşu kənd erməniləri qoymadılar,dedilər:

--Aparın bu torkları ( türkləri) qırın.

İlahi,bu nə idi?!

Artıq evləri yanırdı...

Dişləri -qırnaqları ilə ,min bir əziyyətlə başa gətirdikləri evləri gözlərinin qabağında alovlanırdı...

Yanan tək evlər deyildi...Yanan qönçə arzular idi...

Yanan Seymurun,Elbrusun,Zöhrənun,Teymurun ,Zaurun uşaqlığı idi...

Yanan əsrlər boyu başı bəlalar çəksə də,hələ də ayılmaq bilməyən millətin milli şüuru idi...

Yanan...Yanan...Yanan...

...Silahlılar ev,həyət paltarlarında olan Afizə ananı,onun 3 azyaşlı balasını qabaqlarına qatdılar,geyimlərindən bir parça cırıb ,onunla gözlərini bağladılar...

Sonra PDM(BTR) -ə mindirib,Sos kəndinə,oradan isə Qırmızı bazar qəsəbəsi yaxınlığında bir tövləyə saldılar .Tövlədə onların gözlərini açırlar ...

Afizə gözlərini açanda atası Kərim kişinin ,anası Laləzərin, əmisi Bəhmən kişinin ,əmisi arvadı Gülaranın,əmisinin baldızı Güllərin,əmisi qızları Nailənin,Mənzurənin də burada olduğunu görür...

Onlara bir neçə pambıq döşək verirlər.

Girov götürülən,əsir aparılan qadın-uşaq Qarabağ müharibəsi başlayandan aparılan ilk çox sayda insanlar idi.

Qeyd etmək lazımdır ki,o zaman bütün Füzuli camaatı ayağa qalxmışdı.

Hamı döyüşə getmək,erməni kəndlərini yandırmaq istəyirdi.

Qoymadılar ...

Rayonun o illərdəki rəhbəri Aslan Mehdiyev düşmənlə əlaqə yaradıb,əsir apardıqları insanlara toxunmamağı tələb etdi,əks halda onlar üçün pis olacağını dedi.

İki sistern dizel yanacağı əvəzində qadın və uşaqların azad ediləcəkləri barədə razılıq əldə edildi...

... Afizə 3 övladı ilə yaşadığı 5 günlük əsirlik həyatını xatırlayır...Mənimsə göz yaşlarım dayanmır...

Əvvəl 9 yaşlı Seymura tövlənin həyətinə çıxmağa icazə verilsə də,ertəsi gün erməni harsınları əgər onu

bayırda görsələr,öldürəcıkləri ilə hədələmişdilər.

Onlara cüzi qida verirlər,böyüklər ilk günlər yeməkdən imtina edirlər...

Gecələr bir-birlərinə qısılıb yatırlar.

Yatmaqmı? Yoox...

Onların yuxuları yanan evlərində qalmışdı...

Yaxşı ki,dekabr ayı olmasına baxmayaraq ,qış sərt keçmirdi...

Yuxusuz gecələr,ağrılar...

Qadınları ,uşaqları incitməsələr də,təhqirlər,söyüşlər ara vermirdi.

Bir daha qeyd edim ki, Aslan Mehdiyevin sayəsində qadın və uşaqlara toxunulmadı .

5 gündən sonra Afizə,onun 9 və 14 yaşlı oğlanları Seymur və Elbrus,15 yaşlı qızı Zöhrə və əmisi qızı 16 yaşlı Mənzurə girovluqdan azad edilirlər.

Alçaq düşmən onları gecəyarısı,qatı qaranlıqda azad edir.

5 kilometr yolu ,qadının ,4 yeniyetmə uşaqların qorxa-qorxa ,piyada getmələrini anlamaq üçün onu ancaq yaşamaq olar...

( Allah bir daha heç kimə ,heç vaxt göstərməsin)

Çaqqal ulaşması... vahimə...Yolda qazılmış xəndəyə düşmələri...çətinliklə oradan çıxmaları...

Nəhayət Cəmilli kəndinə çatıb,Pənah kişigilin evlərinə yaxınlaşıb onu səsləyirlər. Pənah kişi,ailəsi ağlaya-ağlaya onları evlərinə aparırlar...

5 günlük əsirlik həyatı sona yetir.

Amma o 5 gün Afizənin sinəsində 5 min yara açır...

Balaca Seymur bir neçə ay müalicə alır...

...İndi,Seymur da,Elbrus da,Zöhrə də ailəlidirlər.Amma o günlərin yarası hələ də sızıldayır...

Ailənin böyük övladları Zaur və Teymur evdə olmadıqlarından onları əsir aparmamışdılar.

Amma illər sonra Zaur Rusiyada naməlum şəraitdə həlak olur.Teymur da ailəlidir.

Həmin günü kövşəndə olan Niyaz ( Afizənin həyat yoldaşı) , sonralar arvadı ilə "Haramı düzü"ndə təsərrüfatla məşğul olurdu.Keçən il dünyasını dəyişib...

P.S.Qalan 4 nəfər qadın bir neçə gün sonra əsirlikdən azad edildilər.

Əvəzində düşmənə dizel yanacağı verildi.

Qardaşların böyüyü Kərim kişi 18 gün ac qalıb ölür.Bəhmən kişini və qardaşı Kərimin nəşini bir neçə aydan sonra kişik qardaşları,bacımın həyat yoldaşı rəhmətlik Hətəmxan min bir əziyyətlə əsirlikdən qurtarır.

Bəhmən kişi də keçən il dünyasını dəyişdi.

Bu üç qardaşın heç biri azad olunan torpağı ,Füzuli rayonunun Yuxarı Divanalılar kəndinin torpağını görə bilmədi...