Məmməd Qədir - Apara bilmirəm

Ədəbiyyat 14:11 / 31.03.2026 Baxış sayı: 579

 

Mən bu həyatın yükünü,

Çəkib apara bilmirəm!

Dağ daşıyan çiyinlərim,

Çöküb, apara bilmirəm!

 

Zaman yoldu qu ömürü,

Göz yaşı tök, yu ömürü,

Xəlbir bəxtə su ömürü,

Töküb apara bilmirəm!

 

Çəkirəm, qəm mənə düşür,

Sinəm dərdlərin örüsü,

Dünya əlimdən sürüsür,

Söküb apara bilmirəm!

 

Cismim həyatımı sıxır,

Ruhum məlul-məlul baxır,

Didilib əynimdən çıxır,

Tikib apara bilmirəm!

 

Ölüm mənlə qılır məzə,

Almır canı, durub üzə,

Özümü beş arşın bezə,

Büküb apara bilmirəm!