Aləmzər Sadıqqızı - Abad eylə...

Ədəbiyyat 09:51 / 31.03.2026 Baxış sayı: 480

 

Elə yoxa çıxmısan,

Heç vaxt olmamış kimi.

Könlüm yaman boş qalıb,

Sənlə dolmamış kimi...

Səni mənə gətirən ,

Taledən də küsmüşəm.

Yıxıldım öz içimdən,

Gör nə günə düşmüşəm...

Gəl təmizlə könlümü,

İncidir xatirələr...

Bir ömürdü üşüyür,

Yazmadiğım sətirlər...

Bilirəm darıxırsan,

Ən azı mənim qədər...

Dərd gül açıb hər yerdə,

Yubanma, gəl özün dər...

Boş ver olub bitəni,

Gəl könlümü şad eylə.

Dağılıb bütün dünyam,

Özün gəl abad eylə...

29.3.2025.