Saqif Qaratorpaq - Bu payız axşamının

Ədəbiyyat 09:01 / 07.12.2024 Baxış sayı: 1138

Bu payız axşamının

sazağında itmişəm.

Nə vaxtdı bir sevdanın

yolu üstə bitmişəm.

 

Yağış döyür,qar döyür

min ildi budağımı.

Dəli küləkdən soruş

sirrimi,sorağımı.

 

Vaxtın soyuq əlindən

qoparmışam bir varaq.

Qəmin rəsmini çəkdim,

yarı qara,yarı ağ...

 

Göydə bir ulduz yandı

gecə çəkdiyim ahdan.

Həsrətin ilməsinə

düyün vurmuşam çoxdan.

 

Yollara duman çöküb

xəbərim yox,azmışam.

Alnımın qırışına

bir qərib ad yazmışam.