Şakir Xanhüseyn- ŞEİRLƏR
SONET
Tutma bir arada safı, çürüyü;
saf da çürüyəcək, çürük olacaq...
Hayana yol alıb getsən də, yenə
çürükdən arınmaq gərək olacaq...
Saf-çürük etmənin zamanı hər vaxt;
qoy çürük çürüklə, saf safla olsun...
Əgər ki, bir iş də görüləcəksə,
hamının xeyrinə- insafla olsun...
Gözümün önünə gətirirəm mən,
qəlbimdə evrilir bir həyəcan da;
Əgər bir yerdəsə çürük ilə saf,
saf yoxa çıxacaq öz saflığında;
Bir çürüklə neçə saf korlanar da,
Sıralar pozular, səf korlanar da!
10.10.2024
BAXSIN
Öz bəxtinin arxasınca
qoş da, dönüb sənə baxsın...
Hərdən oxşa, bir sığal çək
daş da dönüb sənə baxsın...
Gecə ay, gündüz gün ilə,
nə işin duman, çən ilə...
Ovcunu doldur dən ilə
quş da dönüb sənə baxsın.
Vaxtı kül kimi sovurma,
yaxınından uzaq durma.
Quruya elə od vurma
yaş da dönüb sənə baxsın.
Uzun yol da bitir tez, gec,
söz deməyə kimisə seç;
Bir deyərsən eşitməz heç,
beş de, dönüb sənə baxsın...
SÜRƏTLİ TEMPLƏ
bir əlcə təndir çörəyinə baxıb
gözümün önünə nələr gəlir:
təndirə odun salınır,
əvvəlcə tüstülənir təndir,
sonra alov dilləri
sanki havanı qarsalaya-qarsalaya göyə
millənir
elə bil
birdən-birə tüstü alova çevrilir...
vaxt gedir
Və alov sürətli bir templə azalmağa başlayır...
ana, əlindəki təndir şişiylə
hələ alovu keçməyən kösövləri
təndirdən çölə atır,
təndir çörək bişirməyə artıq hazır...
mis məcməidə, taxta tabaqda
kündələr gəlir, köpmüş kündələr...
ana əvvəlcə təndirin divarına
ayranqarışıq su vurur,
təndirdən bir anlıq buğ dumanı qalxır.
ananın sifəti pörtür.
kündələr bir-bir yapılır. örtülür təndirin ağzı,
az keçmiş
birdən bürüyür təzə çörəyin qoxusu ətrafı, demək, çörəyimiz süfrəmizi bəzəyə bilər;
ana
özünə əmin bir şəkildə çörəkləri birər-birər
təndirdən çıxarır,
çörəklərin mümkün yanığını
bir qaba ovub tökür,
bir allıq bürüyür öz yanağını.
sanasan ananın çiyinlərindən
ağır bir yük götürülür,
çörək dolu tabağı qoltuğuna vurub
evin yolunu tutur;
bərəkətli olsun, anam, əllərinə sağlıq,
sən təkcə təndirin qızarmış divarına deyil,
mənim əsəblərimə də su səpdin,
nə qədər rahatam indi mən çox narahat,
ey dadi-bidad!..
MARS görüntüləri
var, orda da bir iz var,
hökmən yerə düşən söz
və ağlayan bir göz var...
ora yerin bəlkə də astar üzü,
həm də bir az
sanki xəstə üzü- solğun...
anlaşılan
elə bir qəriblik çöküb ki, ora,
dondurub, soldurub orda həyatı,
yoxa çıxarıbdı gün işığını;
axı, qəriblikdə gün olmur,
gün olmur qəriblikdə...
o qəriblikdə mən varam, inanın,
mən qəm çəkmirəm ki,
qəriblik çəkirəm bitməz yol kimi...
***
öz-özünə artan işıq,
öz-özünə zilə qalxan səs
və öz-özünə gücsüzləyən güc...
***
günəşin işığı yox,
ayın, ulduzunku yox,
işıldaquşun işığı heç yox;
sözün işığı, sözün,
ay iki gözüm!