Şakir Xanhüseyn - İYNƏ GÖZÜNDƏN BAXMAQ
bəzən elə bil hər şeyə
qalxıb özümdən baxıram;
bu yerə, göyə,
tale ələyən ələyə
iynə gözündən baxıram...
kiminsə şah sarayına
kimsə gendən tutur ayna
böyüdüb çəkir yüz yana,
mənsə ona
baxıram iynə gözündən...
ovcumda ürəyimi,
bir nöqtəni dağ kimi,
olur, genişlikdə görmədiyimi
iynə gözündən görürəm...
dərdin yaşı neçə sənə,
necə söyləyim, eh, sənə;
elə payıma düşənə
iynənin gözündən baxdım...