Şakir Xanhüseyn - DAŞLAR, DAŞLAR
daşlar, divara qoyduğumuz daşlar,
sanki yumşalsın deyə
əlimizi çəkdiyimiz,
hərdən sığındığımız,
sarıldığımız daşlar...
bəzən də yaramızı
bu daşlarla sarıya bilsəydik diləyiylə
artıb həsrətimiz,
eh, biz...
daşlar, yerindən qopdumu
uçuruma yuvarlanan daşlar...
öz düşdüyü yerdə
dağdan ağır gələn bir qırıqca daşım-
bəlalı başım...
bir dərə dibində sancılıb torpağa
elə bil günü-gündən böyüyən daşlar,
çopurunuzca varmı
üzümdəki, alnımdakı qırışlar?
ana duası olub:
görüm ayağına daş dəyməsin,
amma mən necə arzulayıram
o daşları kı,
dağlarımızın daşları
qoy qanatsın əlimi, ayağımı,
ürəyim yara almaz..