Sabir Zəkullaoğlu- Zamanın və Hisslərin Kölgəsində...
Hər dövrün öz ritmi, hər zamanın öz vərdişləri var. Vərdişlər sadəcə təkrarlanan hərəkətlər deyil, onlar dövrün tələblərindən və zamanın axarından doğan zərurətlərdir. Əslində, vərdişlərimiz bizim dünyaya açılan pəncərəmiz, zamanla qurduğumuz görünməz körpüdür.
Hər sabah olduğu kimi, bu gün də yuxudan oyanan kimi ilk işim əlimi telefona uzatmaq oldu. Bu, sadəcə mexaniki bir vərdiş deyil; o kiçik ekranın arxasında mənə telefon qədər yaxın, ruhən doğma olan insanlar var. Əgər bir kəs mənim şəxsi məkanıma — telefonuma qədər daxil ola bilibsə, demək, o, həyatımda özünəməxsus yeri olan əziz biridir. Mesajları oxuduqca sanki o insanların yanına köçür, onların salamı ilə eyni havadan tənəffüs edirəm.
Bəzən onlarla insan yazsa da, gözün yalnız bir nəfəri axtarar; o bircə nəfərin yazmamasının sükutu hər kəsin səsini batırar. Həyatımızın rənglənməsində hər kəsin bir payı, bir rolu var. Lakin "suyu daşdıran sonuncu damla"nın statusu tam başqadır. Bu, o insanın digərlərindən mahiyyətcə fərqli olması deyil, dayandığı məqamın fərqliliyidir. O, elə bir nöqtədə durur ki, varlığı ilə bütün mənzərəni tamamlayır.
Əslində, müzakirə obyektim bu deyil. Məqsədim insan hisslərinin bizi necə öz ağuşuna alıb reallıqdan qoparmasını vurğulamaqdır. Bəzən bir xəyal, bəzən bir virtuallıq bizi həqiqətdən uzaqlaşdırır.
Həyatımızın ayrılmaz parçasına çevrilmiş sosial şəbəkələrə — bəzilərinin "günah yuvası" kimi baxdığı, Mark Zukerberqin o məşhur icadı olan "Facebook"a nəzər salanda gördüm ki, hər yan ağappaqdır. Paylaşımlara baxanda elə zənn etdim ki, hər yana qar yağıb. "Onsuz da hava soyuqdur" deyib, yorğanı başıma çəkib yatağımda bir qədər də "veyllənməyə" başladım.
Lakin gözümü telefondan çəkmədən dünya və yerli xəbərləri izləyərkən, pəncərədən süzülən günəş şüalarının məni qıdıqladığını hiss etdim. Zatən, çarpayımı həmişə pəncərənin kənarına itələyirəm ki, qapıda bir problem yaransa, çıxış yolunu pəncərədə tapım. Əlimi atıb pərdəni açanda isə heyrətə gəldim: küçədə qardan əsər-əlamət yox idi, yaz günəşi adamı yandırıb-yaxırdı. Telefona baxanda isə havanın 20-23 dərəcə isti olduğunu gördüm. Virtuallığın "qarı" məni real günəşdən gizləmişdi.
Ruhu şad olsun ustad Musa Yaqubun, deyirdi ki: "Mən də ki adama tez yovuşanam". Mən də eləyəm, həm adama, həm də gördüyümə tez inanıram.
Nəticədə, insan yuxudan nə vaxt ayılırsa, elə bilir ki, sabah o vaxt açılır. Əsl oyanış isə gözümüzün gördüyü ilə qəlbimizin hiss etdiyi arasındakı o incə tarazlığı tapmaqdır. Sabahınız xeyir olsun, dostlar! Qarnınız və qazınız bərəkətli, ocağınız həmişə isti olsun.