Əbülfət Mədətoğlu - SEVGİ dolu ömür
Günlər bir-birinin davamıdı aylar, illər kimi. Elə mən də bu bir-birinin davamı olan günlərimi ömrümə hopdurmaqla, üstəlik də ömrümü o günlərin yaddaşına köçürmək niyyəti ilə bir ipucundan tutub gedirəm. Və hərdən də öz-özümə deyirəm ki, bax, budur ipucu və budur ömrümə hopan günlərin mənə verdiyi ümid!.. Necə asi olum, necə şəkk gətirim bütün olanlara. Axı, hər şey göz önündədi - əzab da, vüsal da, sevgi də nifrətdə, lap elə sevən də, sevilən də!.. Hər şeyin bir müstəvidə olduğu məqamda özünü ittihamdan başqa yol qalmır. Yəni günahı başqasında axtarmaq kimi sadə və primitiv üsuldansa, özündəki eyibi görmək daha dürüst seçimdi məncə. Onda əzabı da sinirmək bir az asan olar. Və həm də özünü də tanımış olarsan. Bilərsənki, nəyin cəzasıdı və nəyə görə çəkirsən.
Bu məqamda bir şeirin həniri gəlib keçdi könlümdən ....
Qarşılaşdıq, gözləmirdin deyəsən
Şimşək çaxdı, yoxsa o an, ildırım?!.
Bilirsənsə bəlkə yolun deyəsən -
Necə edim, gözlərini güldürüm?!.
Gətirirəm xəyalıma ağ günü
Qan coşduran, təravətli sağ günü!
Qoy eləyib bir-birinə tağ, günü -
Kipriyindən mən o nəmi sildirim!
Öz-özümü toparlayıb yığmışdım
Həyacandan ürəyimi sıxmışdım...
Mən qarşına ona görə çıxmışdım -
Açıq sənə, sevdiyimi bildirim!
***
İndi doğulduğum o yerləri gözümün önünə gətirib məhz arxada qalan günlərimi xatırlamağa çalışıram.Doğrudu, bunlar indi şirin bir xatirədi. Amma mən bu xatirəni yaddaşımı təzələmək üçün yox, bu günlərdəFəridə Rəhimlinin internet səhifəsində paylaşdığı qar dağı ilə bağlı gördüyüm mənzərənin içimdə yaratdığı kədər və həsrət dolu nüanslarını yenidən yaşamaq üçün diqqətə təqdim edirəm. Məhz həmin o mənzərə bütünlüklə kəndimin qış günlərinin görüntüləriilə üst-üstə düşürdü. qar altında qalan ağaclar, hətta həyətin, evin qapısını açmağa imkan verməyən qar tarı bütünlüklə yaddaşımdakı ilə eyni idi. Ona görə də söz yazmaq imkanım mənə rahatlıq vermədi. Və bir də gördüm ki, misralar bir-birinin ardınca düzülüb:
Belə istəyirəm ömrün qışını
Qar səssiz –durmadan yağa üstümə...
İlıq göz yaşı tək süzülüb bir az –
Hopa bələndiyim ağa – üstümə!..
Heyrət sərhəddini ötüb keçə səs
Titrəyə bu səsdən qar tikən qəfəs!
Saçından bəyaz tel ayıran bir kəs –
Onu al bayraq tək taxa üstümə...
Bu qar gerçəkdimi,yoxsa yuxumu
Görəndən gözümdən silir yuxumu!
Bilir ürəyimi,bilir ruhumu –
Allahım, bu dəfə baxa üstümə...
Hər yan ağappaqdı gerçək sözü tək
Nurdu bu mənzərə,nurlu gözü tək...
Duman da o qızın elə özü tək –
Qalxa asta-asta dağa – üstümə!
Əbülfət, sən indi qar havasında
Dinləndin bu qarın tar havasın da!..
Qatıb bir-birinə yar havasında –
Hopdura ruhuma,yaxa üstümə...
İndi bu xatırlamanın məni nə qədər içimdən oynatdığını duymuş oldunuz. Çünki yazdığım şeir yaşadığım həmin anın pıçıltıları idi. Deməli,özüm-özümlə danışmaqla bahəm, həm də sizlərə nəyisə çatdırmağa çalışdım.
Hə, həyatın hər üzünü görə-görə, adamların hər sifətinə baxa-baxa və hətta bəzilərinin içini belə oxuya-oxuya dua etməyin də öz ləzzəti var. Axı, Tanrı hər kəsə öz ürəyinə görə verir. Kiminsə cəhdindən, əməlindən,hətta oynadığı rollardan asılı olmayaraq, başqasının payını əlindən ala biləcəyinə heç bir inamım yoxdu. Bir məqamdan başqa...
Yapışaraq bir şairin sözündən
Xəyallanıb, yenə çıxdım özümdən... İ
İnanın ki, ölçüləri gözümdən -
balacadı, dünyanın!
Fikir boyu neçə dəfə dolaşdım,
Gah dumana, gah buluda bulaşdım..
Sirli sözünü də axır , mən açdım -
balacadı, dünyanın!
Naxışları bir-biriylə uymayan
Adamların acısında doymayan
Qəlbi , hətta özünü də duymayan -
balacadı, dünyanın!
Çox olsa da dərəsi də, dağı da
Dəryası da, ormanı da, bağı da...
İmkan vermə, Allah, bəndə dağıda -
balaca dünyanı!
***
İnsan öz durumunu, öz gerçəkliyini və bir də içindəki sevgi və nifrəti göstərmək zorunda deyil. Yenə bir məqamdan başqa. Yəni artıq duyulmursa, hiss olunmursa,görünmürsə, onda hansısa bir formada öz haqqını göstərməyə məcbursan. Belə məqamda da görünməsə, onda qalır qarşı-qarşıya gəlmək. Bunu isə heç kimə arzu etmirəm. Ən yaxşısı sakit və anlayışlı şəkildə ömür payını yaşamaqdı...
Bəli, qış havalı, qış ovqatlı indiki anımda bir sözün işığını açıq şəkildə görürəm və özümü o işığa tərəf can atan varlıq hesab edirəm. Ola bilsin ki, o gördüyüm işıq deyil, ilğımdı. Amma hər nə olur olsun, indiki anımda mən onu işıqkimi qəbul etmişəm. Və bu işığın da gücünə bələdəm. O, həyat əlamətidi. Deyə bilərsiniz ki, bəs sən kimsən? Onda bu misraları oxuyun:
Mən bəlkə də heç kiməm
Bəlkə də sonuncu "ah”...
Bəlkə də bu dünyada–
Günahın özü günah!..
Əlim küləkdən tutub
Ayağım hava üstə...
Yer məni elə udub –
Gedir tay dava üstə...
Dözülməzdi tənhalıq
Dözülməzdi dörd divar...
Düşünün siz biranlıq –
Kimin lal, kar dərdivar?!
Bölüşmək çətinləşib
Qeyb olubdu isti söz...
Məni qüsul etməyin–
Məndən bezib –küsüb söz!...
Bütün yazı boyu sağdan, soldan müəyyən məqamlara diqqət çəkmək istədim. Amma ən böyük istəyim Allaha və sevgimə olan inancımı ifadə etmək idi. Bunların hər ikisi yaşamağımın, ayaqda olmağımın ən böyük ilhamçısı, ən böyük dəstəyidi. Mən hər ikisinə şükürlər etməklə üzümü suya tuturam. Yaşadığım Masazırda hələ ki su donmayıb. Ona görə də duamın suya qarışıb aydınlığa çıxacağına şübhəm yoxdu. Duam isə bundan ibarətdir ki, hərkəs özü-özünü görə bilsin! Hər kəs özü özündə olsun! Və nəhayət, hər kəsin özü öz günahını yuya bilsin!..
P.S. Deyirlər ki, cəzadan qaçmaq heç kimə qismət olmayıb. Mən isə Sizə günahsız və cəzasız ,- SEVGİ dolu ömür arzu edirəm.