Əlizadə Nuri - Özünü yüksəkdən atan qızcığaz

Ədəbiyyat 12:26 / 30.04.2026 Baxış sayı: 105

 

Ölüm sərgisinə bir can çıxartdın...

Öldün, bu dünyanı haldan çıxartdın.

Hansı mələk səni yoldan çıxartdı-

Özünü yüksəkdən atan qızcığaz?

 

Biz necə ovudaq bu boyda yası?

Su da soyutmazmış, ay su sonası.

Nə azmış yer ilə göyün arası-

Özünü yüksəkdən atan qızcığaz?

Tanrının tikdiyi köynəyi seçdin,

Nəyi seçməliydin, gör nəyi seçdin...

Seçdin, ölməyə də göyləri seçdin-

Özünü yüksəkdən atan qızcığaz?

 

Bu gün gəlincikdin, sabah gəlindin,

Ölüm, canın yansın, gəlhagəlindi...

...Bəlkə yaxamdakı sənin əlindi-

Özünü yüksəkdən atan qızcığaz?!

 

Həyat bir quyuymuş- çoxmuş qatları...

Yol yorur adamı, diz də qatlanır.

Sən kimdən almışdın o qanadları-

Özünü yüksəkdən atan qızcığaz?

 

Çapdı öz atını, şeytan düşmədi,

Sənə bu girdiyin meydan düşmədi.

Dünyada nə varsa, göydəndüşmədi-

Özünü yüksəkdən atan qızcığaz.

 

Duz yükü var imiş düz ilqarın da,

Rəngi qaralarmış yerdə qarın da.

Bir kaman ağlayır yuxularımda

Özünü yüksəkdən atan qızcığaz.

 

Sənə kim toxundu- niyə yıxıldın?

Çiçək üstündəki şehə yıxıldın...

Göydən yıxılmadın, göyə yıxıldın-

Özünü yüksəkdən atan qızcığaz?

 

Göyün yanağında xalam, deyərsən,

Bir körpə ulduza " balam" deyərsən.

Məndən də tanrıya salam deyərsən

Özünü yüksəkdən atan qızcığaz...