Sədaqət Kərimova : - XHAR – LƏZGİ OCAĞI
Uşaqlıq yaddaşımın ən isti, ən canlı qatlarına enəndə orada ilk növbədə çörəyin qoxusu gəlir – təzə bişmiş ləzgi çörəyinin qoxusu. O qoxu ki, nəinki bir həyəti, bir məhəlləni, bəzən bütöv bir kəndi oyadardı. Və o qoxunun mənbəyi – xhar, ləzgi ocağı – gəlib gözlərim önündə canlanır.
Ləzgi məişətinin özəlliyi ondadır ki, hələ qədim zamanlardan insanlar yaşayış evi ilə yanaşı, həyətdə ayrıca çörək evi də inşa ediblər. Bu ənənə bu günə qədər yaşayır. Kəndlərdə, rayon mərkəzlərində, hətta şəhərlərdə fərdi ev tikənlər mütləq bir çörək evi də ucaldırlar. Çünki çörək – ruzidir, ruzi isə Tanrıdan gələn nemətdir. Ona görə də xharın olduğu məkan bir növ ailə məbədinə çevrilir – orada həm ruzi hazırlanır, həm də o ruzinin hörməti qorunur.
Bir vaxtlar xhar sadəcə ocaq deyildi. O, yaddaş idi. O, birliyə çağırış idi. O, qədimdən gələn, pozulmamış həyat fəlsəfəsinin nəfəsi idi. “Ocaq yananda ev yanmaz” – deyərdilər. Yəni ocaq varsa, ailə var, birlik var.
Bizim uşaqlığımızda çörək evi başqa bir aləm idi. Hər həyətdə belə bir tikili olsa da, məhəllənin öz xhar evi olurdu. Orada hamı birləşərdi. Çörək bişirən qadınların əlləri ilə yanaşı, sözləri də yoğrulardı – xatirələr, dərdlər, sevinclər… Orada ülfət vardı, orada insanın insana yaxınlığı vardı. Bu məkan yalnız məişət yeri deyildi – o, icma institutunun ən canlı, ən səmimi forması idi. Çünki xalq hikməti deyir: “Çörəyi bölən ürəyi də bölər.”
Etnoqrafik baxımdan çörək bişirmə ayini ləzgilərdə yalnız qida hazırlanması deyil, həm də kollektiv yaddaşın qorunması idi. Hər hərəkətin, hər mərhələnin öz mənası vardı. Xəmir yoğrulanda qadınlar evin bərəkəti üçün pıçıltı ilə dualar oxuyardılar. İlk bişən çörək hörmət əlaməti olaraq evin böyüyünə, qonaq varsa, ona verilərdi. Çox zaman isə ilk çörək ocaq başında uşaqlara paylanardı – həyatın davamlılığının, nəslin kəsilməzliyinin işarəsi kimi.
Xharın hazırlanması prosesi ustalığın zirvəsi idi. Qırmızı gil, saxsı tozu, xırda çınqıl və keçi tükündən palçıq yoğrulardı. Bu palçığa günlərlə əl gəzdirilər, sanki ona ruh verilərdi. Özünəməxsus qoxu yarananda usta ondan xhar düzəldərdi. Bu, sadəcə texniki proses deyildi – bu, sənətin, təcrübənin və səbrin vəhdəti idi. Ustalar deyərdilər ki, “ocaq canlıdır”, ona görə də onun qurulması da, istifadə olunması da ehtiram tələb edir.
Formaca xhar üçmərtəbəli sobanı xatırladır. Altda od yanır, ortada çörək bişir, yuxarıda alovun nəfəsi dolaşır. Bu quruluş təsadüfi deyil. O, qədim insanın kainat təsəvvürünü əks etdirir: aşağıda torpaq və od, ortada həyat, yuxarıda isə işıq və istilik. Yaxşı ustanın qurduğu xhar tüstülənməz. Orada çörək 2–3 dəqiqəyə bişər. Bir qadın bir dəfəyə 15–20 çörək hazırlayar.
Ləzgi çörəyi - xhran fu Günəşi xatırladır. Bu da xalqın qədim inanclarından doğur. Rağ – Günəş qədim dünyagörüşdə həyatın, işığın, bərəkətin mənbəyidir. Çörəyin dairəvi forması, qızılı üzü bu inancın davamıdır. Bu baxımdan çörək yalnız qida deyil – kosmik harmoniyanın, təbiətlə insanın vəhdətinin rəmzidir. “Günəş torpağa, çörək insana həyat verir” – deyərdilər.
Ləzgi çörəyi mayalı (qatay) və mayasız (tili) xəmirdən hazırlanır. Yayılmış lavaşın üstü lələklənir, ona yumurtalı su və ya ayran çəkilir ki, üzü qızarsın. Bu cür çörək ovulmur, günlərlə kif atmır. Bu, praktik ağlın, çətin dağ və aran həyatının diktə etdiyi qənaətcillik prinsipinin təcəssümüdür. “Çörəyi saxlayan evi saxlayar” – bu deyim də həmin həyat fəlsəfəsindən doğur.
Ləzgi mətbəxi çörək növlərinin zənginliyi ilə seçilir: xhu, xhul, çarfu, qaqvas, lavaş, bazlamaç, saçun fu, akat fu, qulan fu, çar avay fu, ştkar, tunut, quzan, çerekun… Bu siyahını xeyli uzatmaq olar. Hər çörək növünün öz məqamı var: bəzisi gündəlik süfrə üçündür, bəzisi bayram üçün, bəzisi isə xüsusi ayinlər üçün hazırlanır.
Amma çörəyin özü qədər vacib olan onun bişirilmə mərasimidir. Bu, kollektiv əməyin, qarşılıqlı dəstəyin, qadın həmrəyliyinin bariz nümunəsidir. Bir qadın xəmir yoğuranda, digərləri də qoşular. Bu, səssiz bir çağırış idi: “tək deyilsən”. Növbə ilə bişirər, bir-birinə kömək edərdilər. Bu ənənə icma daxilində sosial bağları möhkəmləndirirdi.
Çörək bişəndən sonra xhar evi bir süfrəyə çevrilərdi. Tsıkan, afar, yağlı fətir, şakuka… Bu yeməklər sadəcə qida deyil, paylaşımın davamı idi. Sonra çay dəstgahı qurular, söhbətlər uzanardı. Orada zaman tələsməzdi, insan insanı dinləyərdi.
Bu ənənənin milli-mənəvi dəyəri ondadır ki, o, insanı insan edən keyfiyyətləri qoruyur: paylaşmaq, hörmət etmək, bir-birinə dayaq olmaq. Çörək burada təkcə bədəni deyil, ruhu da doyurur.
Bu gün ləzgi çörəyi respublikamızda ən sevilən təamlardan biri sayılır. Onu bişirən sexlərin sayı artır. Bunlar ürəkaçan faktlardır. Bu gün ləzgi qadınlarının əksəriyyəti yenə də xharda çörək bişirirlər. Hər evin öz çörək evi var, orada daha rahat, daha müasir şərait yaradılıb. Məhəllə xharları isə artıq öz dövrünü başa vurub. Heyf! Bəzən düşünürəm: biz nəyi itirdik? Təkcə bir ocağımı? Yox… Biz o ocağın ətrafında yaranan səmimiyyəti itirdik. Çörəyi bölüşməyi, sevinclə kədəri bölüşməyi, mehribanlığı bölüşməyi, bir yerdə deyib-gülməyi, bir sıra milli-mənəvi dəyərləri itirdik.
Nə yaxşı ki, bu mədəniyyət tam yox olmur. O, yaddaşlarda, xatirələrdə yaşayır.
Nə yaxşı ki, yaddaş var. Və mənim yaddaşımda o ocaq - xhar həmişə yanacaq…