39 YAŞIMA ÖN SÖZ - Bəhruz   Niftəliyev

Ədəbiyyat 13:22 / 30.04.2026 Baxış sayı: 77

 

Gözlərinin kənarında qırışlar

Saçlarının dalğasına qarışıb.

Taleyinin ətəyindən əl üzüb,

Ovucların ürəyindən yapışıb.

Ağrılarım dən yüküdür, sən demə,

Dimdikləyir hamı məni, qəm yemə.

Bu tayamdır, bu otumdur, bu odum,

Yandır məni, toxunma sən qəlbimə!

Orada məni saxlamışam özümdən,

Gizlənmişəm, Tanrı məni tapmasın.

Ruhum uçuş, cismim çöküş halında,

İstəyirsən hamı məni tapdasın?!

Yığılıbdır göz yaşına çətirlər,

Səs salırsan, təlaşına gəlirlər.

Bilmirsənmi, göy sularda sakitcə

Qərq olubdur necə nəhəng gəmilər.

Nə limanlar, nə yalanlar gördüm mən,

Sərhəd çəkdim, daş divarlar hördüm mən.

Doğru dedim, düz yaşadım, kəm oldum,

Bir qadının inamında öldüm mən!

Daha nə gec, daha nə keç, deyərəm,

Gəl yaramdan, yaxamdan köç, deyərəm.

Unutmaqçün bir ömür də bəs deyil,

Yaşamaqçün bircə güc istəyərəm!

Xəyanətin daş olubdur boğazda,

Udammıram, hulqumuma tərs gəlir.

Bağışlamaq Tanrıların işidir,

Bağışlamaq qüruruma tərs gəlir.

30.04.26

13:09