Əbülfət Mədətoğlu - Balaca  dünyanın...

Ədəbiyyat 09:38 / 29.04.2026 Baxış sayı: 180

Yapışaraq  bir  şairin  sözündən

Xəyallanıb, yenə  çıxdım  özümdən...

İnanın ki, ölçüləri  gözümdən - 

balacadı, dünyanın!

 

Fikir  boyu  neçə  dəfə  dolaşdım,

Gah  dumana, gah  buluda  bulaşdım..

Sirli  sözün  axırı ki, mən  açdım -

balacadı, dünyanın!

 

 

Naxışları  bir-biriylə  uymayan

Adamların  acısında  doymayan

Qəlbi , hətta  özünü də  duymayan -

balacadı, dünyanın!

 

Çox  olsa  da  dərəsi də, dağı da 

Dəryası da, ormanı da, bağı da...

İmkan  vermə, Allah, bəndə  dağıda -

balaca  dünyanı!