Məmməd  Qədir - Öpüm

Ədəbiyyat 12:00 / 18.02.2026 Baxış sayı: 538

 

"Ay dəli, uzaq ol, görərlər ..."-dedin,

Yansın ağıllılar, dəlin mən, -öpüm!

Ölərəm yad nəfəs toxunsa sənə,

Qıyma şəhid olam, gəlim mən öpüm.

 

Məhəbbət pirisən, esq ocağısan,

Könül gülşənisən, sevgi bağısan,

Qönçəsi üstündə gül budağısan,

Zərif yarpağından, gülündən öpüm.

 

Ətrini çəkdikcə keyiyib qalım,

Od kimi qoynunda soyuyub qalım,

Gecə saçlarında uyuyub qalım,

Ulduz gozlərindən, telindən öpüm.

 

Esqin alovunda yanım, ütülüm,

Yel vursun, göylərə sovrulsun külüm,

Nolar ağusunda keçinim, gülüm,

Çağır o gül üzlü ölümdən öpüm.

 

Susmus bir göl idim, daş atdın mənə,

Həyat qarışdırdın, eşq qatdın mənə,

Elə ucalıqlar yaşatdın mənə,

Düşəm ayağına, əlindən öpüm ...