Vahid Aslan - Yuvamız
Əllərinin qabarıyla,
Atam bizə yuva qurdu.
Dönüb ana vətən oldu,
Bu balaca ata yurdu.
Sonra atam zəhmətindən
Yuvamıza od gətirdi.
Anamızın məhəbbəti
Ağzımıza dad gətirdi.
Ailəmiz böyüdukcə
Yuvamız da böyüyürdü.
Hərə bir arzu dalınca
Sabahına yüyürürdü.
Yaşadıq bir nağıl kimi
Qayğısız illərimizi.
Bir gün də alıb apardı
Yuvamızdan illər bizi.
Təzə-təzə isidirdik,
Hərəmiz öz evimizi.
Arzulara qovuşanda,
Tərk eylədi atam bizi.
Atam quran bünövrəmiz
Möhkəm idi, yıxılmadıq.
Biz yenə də sevgimizlə
Sabahlara addımladıq.
Yuvamıza od gətirən,
Ruhumuza od ötürən
Od yerimiz atam olub.
Güvənməyə, söykənməyə
And yerimiz atam olub.
Adımızı qoruyan da,
Odumuzu qoruyan da,
Ən şirin nəğməsini də,
Sonuncu tikəsini də
Verən bizə, anam olub.
27.01.2026