Firidun Agazade - Şair qızları
Dünən bir şairin qonağı idik,
O - şair, biz şairsayağı idik.
Deyirdim, pəridir çay gətirəni,
Deyirdim, pəridir naz götürəni,
Şair qulluğunda pərilər durar,
Şair pərilərlə durub-oturar...
...Çağırdı, gəldilər bir cüt pəritək,
Gəlib bir yanında durdu hərəsi.
İlham pərisini gəzirdi gözüm,
Demə bu qızlarmış ilham pərisi.
Dedim, sevgilisi şeir olanın
İlham pərisinə çəkir qızları.
Şair duyğusuna bənzədiyindən
Pəriçöhrə olur şair qızları.