Ramiz Rövşən - Bir qoca uşağam mən bu yaşımda

Ədəbiyyat 13:40 / 19.01.2026 Baxış sayı: 2231

Bir qoca uşağam mən bu yaşımda,

Bir dəli ağıl var hələ başımda, –

Bircə mən çaşmadım hamı çaşanda,

Hamı çaşmayanda mən çaşa bildim.

 

Dalımca çox qaçdı ölüm – çatmadı,

Dedim: «Mənə bir çat görüm!» – çatmadı,

Dünyada çox şeyə əlim çatmadı,

Dərdin yekəsindən yapışa bildim.

 

Öz dərdimə, öz ağrıma yetişdim,

Dünyanın son nağılına yetişdim,

Şerin-sözün axırına yetişdim,

Axır tikəsindən yapışa bildim…