Ramiz Qusarçaylı :- Xınalığın

Ədəbiyyat 10:07 / 19.08.2025 Baxış sayı: 2471

 

Hər daş bir kitab,-incidi,

Atəşgah od qılıncıdı,

Özüm baxdım,

dörd məscidi,-

Qırx piri var Xınalığın.

 

Buzbulaq güllü qafiyə,

Şəlalə telli qafiyə,

Sükutu dilli qafiyə,

Yüz şeiri var Xınalığın.

 

Gül arının şan dağları,

Lalə bağrı qan dağları,

Qoy küsməsin Xan dağları

Şah yeri var Xınalığın.

 

Heyrət dindi, dərd toxtadı,

Ömrün sonu dörd taxtadı,

Dünya köhnə nərd taxtadı

Öz zəri var Xınalığın.

 

Bir qartaldı,-bax başına,

Qonub uca dağ başına,

Şah dağının ağ başına

Bənzəri var Xınalığın...