Ramiz  Göyüş - Bir şair yaşadı Mingəçevirdə

YAZARLAR 21:04 / 21.06.2026 Baxış sayı: 193

 

(Vida sözü)

Azərbaycan ədəbiyyatına ağır itki üz vermişdir.

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri, görkəmli ədəbiyyat adamı, şair, publisist İsmayıl İmanzadə (Mərcanlı) 20 iyun 2026-cı il tarixdə Mingəçevirdə vəfat etmişdir…

Bir şair də bu “gəlimli, gedimli” dünyaya vida dedi. Poeziyamızın bir misrası da ağac budağından yarpaq düşən kimi qopub düşdü, bir qocaman çinarın şax budaqlarından biri kökündən qopdu...

... Cəbrayıl rayonunun erməni quldurları tərəfindən işğalından sonra, 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşan İsmayıl müəllim uzun illər Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan "Səda" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdı. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri, "Bənövşə" və "Mingəçevir leysanı" ədəbi-bədii dərgilərinin təsisçisi və baş redaktoru idi.

İlk şeiri "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunanda onun 19 yaşı var idi. O illər hələ İsmayıl İmanzadə köçkünlük, qaçqınlıq və bununla əlaqədar sonralar rast gəldiyi, qarşılaşdığı hisslərlə hələ tanış deyildi.

1993-cü ildə, məcburi köçkün kimi Mingəçevir şəhərinə pənah gətirəndə, İsmayıl müəllim elə bilirdi ki, Mingəçevirə müvəqqəti gəlib və tezliklə öz elinə, öz yurd-yuvasına, qayıdacaqdır. Çoxları kimi, o da gətirdiyi əşyaların, bağlamaların, barxanaların çoxunun heç bağını da açmamışdı. Uyuşmurdu şəhərə. Bu boyda şəhər ona qəfəs kimi gəlirdi, öz doğma yurduna-yuvasına can atırdı.

Lakin sən saydığını say, gör fələk nə sayırmış. O gündən İsmayıl müəllimin taleyi Mingəçevirilə bağlandı. Və onu şeirlərinin mövzusu da, məzmunu da, ruhu da, arzusu, istəyi də dəyişdi, onun yaradıcılığının əsas mövzusu yurd nisgilli nəğmələr, bayatılar, ağılar oldu:

Kürü Araz bilir, Bozdağı Diri,

Qalıb Cəbrayılda qibləsi, piri...

Sızlaya-sızlaya nə vaxtdan bəri,

Bir şair yaşayır Mingəçevirdə.

İsmayıl İmanzadə Mingəçevirə gəlişi ilə bir yaradıcılıq ab-havası, poeziya mehi, ədəbiyyat mühiti gətirdi. O şəhərə (və həm də ətraf bölgəyə) təkcə özünün poeziyasını gətirmədi, həm də bu bölgəni "şeirin ərazisi" edə bildi. Mingəçevirdə bir işgüzar ədəbi mühit yarada bildi. AYB Mingəçevir bölməsinin yaradılmasında, bölgədə ədəbi prosesin inkişafında, şəhərin mədəni həyatında İsmayıl müəllimin xidmətləri əvəzsizdir.

Onun poeziyasının baş qəhrəmanı insan idi və bu obrazın içində O, yaxşı və pisin, xeyir və şərin mübarizəsini qələmə alırdı.

Düzün düz qəlbi var, əyrinin əyri,

Yaxşılar tükənib azalan deyil.

Düzləri qoruyaq, əyilməsinlər,

Əyrilər onsuz da düzələn deyil.

İsmayıl İmanzadə ömür və yaradıcılıq yolunda çox enişlər, dolaylar, yoxuşlar gördü, çətinə düşdü, tale onu sınaqlara çəkdi. Bunların hamısını yaşadı və içində daşıdı.

“Həyat məni hara atdı cücərdim, sinəm üstə tikan əkdi becərdim”- deyrdi İsmayıl İmanzadə.

O, görkəmli söz və sənət adamı olmaqla yanaşı, həm də gözəl insan idi. Həlim xasiyyəti, haqqa və ədalətə söykənməyi, obyektivliyi, səmimi münasibəti ilə şəhər ictimaiyyəti və yaradıcı insanlar arasında hörmət və nüfuz qazanmışdı.

Təəssüf ki, amansız ölüm bu işqlı insanı sıralarımızdan qoparda bildi. lakin “ölüm sevinməsin qoy”, İsmayıl müəllimin əziz xatirəsi, onu sevənlərin, əzizlərinin, doğmalarının, dostlarının qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin! Məzarı nurla dolsun.