Adilə Nəzər - ŞEİR YAZMAQDAN YORULDUM
Mən bu ömrümü dünyada,
Nə mala, nə mülkə yordum.
Könül verdim təmiz ada,
Bir dost qəlbi oldu yurdum.
Yol aldım Adəmdən, Nuhdan,
Bədən ağır gəldi ruhdan...
Qaçarkən qaraguruhdan,
Qanadlarımdan vuruldum.
Şükür, hələ salamatam,
Düz yol gəlmişəm, rahatam,
Adamam, yolam, saatam,
İlahi, sənə quruldum.
Ağırdı ömrün şərtləri,
Keçmədim məlum xətləri,
Demədiyim lənətləri
Ahla havaya sovurdum.
Bu necə həyatdır? Aman,
Çox əllər var, bir əl yuyan...
Bircə nəfər adam duyan,
Görəm, sanam pirdi, nurdu.
Gözlər azad olmur nəmdən,
Həyat keçir pəncərəmdən.
Əlim üzülüb hər yerdən,
Burulğanında buruldum.
Sınadın, üzüağ idim,
Haqq yolunda sınaq idim,
Bir tumurcuq budaq idim,
Bahar vaxtında qırıldım.
Yamanlar göz açıb gedir,
Yaxşılar intihar edir,
Bilən bilir bu hal nədir,
Neçə yol ölüb-dirildim.
Xəyalım xoş gün izində,
Küləm bir ümid közündə,
Boğuldum qəm dənizində,
Dalğalandıqca duruldum.
Açar düşübdür dərinə,
Ümid Allahın rəhminə,
Xalqımın bitməz dərdinə,
Şeir yazmaqdan yoruldum.
Adilə Nəzər