Qəşəm İsabəyli - AĞ ATLI OĞLAN

YAZARLAR 08:26 / 20.06.2026 Baxış sayı: 469

 

(hekayə)

1.

Anam şiə müsəlman idi. And içəndə Allahdan, peyğəmbərdən çox Həzrət Abbasa and içərdi. Gəl ki, namaz qılıb, oruc tutan deyildi. Amma hər cür inanclara “Quran” ayəsi kimi inanardı.

Hətta gecənin bir aləmi qapımızda bayquş ulasaydı, yorğanı üstündən atıb, ayaqyalın, başaçıq düşərdi həyətə. Bir bədbəxtliyin xəbərçisi kimi bu gecə quşuna qorxmuş və sarsılmış halda yanıqlı-yanıqlı yalvarardı:

–Məni balalarının başına çevir, ay bayquş, bizə gətirəcəyin bədbəxtliyi götür, apar qapımızdan!

O da yadımdadır ki, biz bir yerə getmək istəyəndə, ayağımızı eşiyə qoyar-qoymaz kimsə asqırsaydı, anam o dəqiqə qabağımızı kəsərdi:

–Bala, tək səbir gəldi, yola çıxmayın!

Qardaşlarımdan fərqli olaraq yalnız mən anamın sözünü yerə salmazdım.

Anam yuxu görsəydi belə, ürəyində onu yozar, bir yerə çıxarda bilməyəndə, bizi evdən eşiyə buraxmazdı. Məndən kiçik qardaşlarım etiraz eləyərdi:

–Nə qədər gözləyək, ay ana?!

–Yusif peyğəmbər xeyirliyə calasın, qoyun yuxunun sehri sınsın, ay bala!

–Nə vaxt sınır ey, yuxunun sehri?!

–Günortadan sonra!

2.

Uşaqlıq köynəyindən çıxıb, böyüyüb, bığ yeri tərləmiş cavan bir oğlan olsam da, anamın inancları haqqında fikirləşəndə, nə şübhə dolurdu ürəyimə, nə də ona haqq qazandıra bilirdim.

Yalnız on illər sonra, babalıq çuxasını əynimə geyəndə təsadüfən qarşıma çıxan bir xanım, üz-üzə oturduğumuz vaxtda, ailə şəcərəsini və başına gələn faciələri açıb-tökəndə, fikrə getdim.

–Evdə altı nəfər idik – nənəm, atam, anam, iki qardaş və bir bacı. Bir gün anam səhər tezdən oyanıb, başladı gecə gördüyü yuxunu danışmağa.

Nənəm dedi:

–Ay gəlin, qoy yuxunun sehri sınsın!

–Nə sehri var ey, yuxunun?! – Anam sərt cavab verdi nənəmə.

–Qızım, yuxunun sehri sınmayınca, kim onu necə yozsa, elə də olacaq.

Kimə deyirsən, anam sözünü kəsmədi.

Nənəm durub çıxdı eşiyə.

–Gecə gördüm, Ramin ağ paltarda, ağ atın belində ağ buludların üstüylə çapıb gedir. Ha dalıyca yüyürüb, “Ay bala! Ay Ramin!” çağırsam da, mənə tərəf dönüb baxmadı da...

Biz heç nə başa düşmədik bu yuxudan.

Bir azdan anam qardaşım Ramini çağırdı:

–Oğlum, pul götür, get çörək al gətir evimizə.

Başımız işə necə qarışdısa, bir də onda ayıldıq ki, uşaq bir saatdı gedib, hələ də qayıtmayıb. Həyəcanlandıq.

Çox keçməmiş evin zəngi basıldı.

–Ana, Ramin gəldi! – Deyə, gedib qapını açdım.

Gördüm həyətin oğlanlarıdı:

–Xala, Ramin göldə batıb, deyirlər...

13.06.2026