Şahverən Cavad - Ata ocağının yolu
Səbrini toz basıb , kölgə tək susur ,
Gözündən mürgüsü dağılıb yerə .
Ata ocağının yolunda quş tək , Ayağım dənləyir xatirələri .
Sındı gözləməkdən bəylik qüruru ,
Asfalt yaylığı tək gedib həyası .
Çılpaq görünməkdən bezib , payız tək ,
Büküb abırını ətəyə - asıb .
Bu yolu çəkibdir anamın gözü ,
Çat verib , anamın yuxusu kimi .
İtib "Vağzalısı "burda bir qızın ,
İtib - "Heyvagülü" qoxusu kimi .
Bu yolun döngədə sınıb ayağı ,
İndi səkilərdir qoltuq ağacı .
Tanrı nəzərindən heç kəs düşməsin ,
Yer də ayağının altından qaçır .
Möhürlü məktubdur alın yazımız ,
Əbədi dünyadır - yolun dəhnəsi .
Yuyar adımızı vaxtın suları ,
An kimi bitəcək ömrün səhnəsi !
20 . 06 . 2026
Türkiyə . Samsun şəhəri