Zəka Vilayətoğlu - İNSAN
Ədəbiyyat
11:22 / 20.06.2026
Baxış sayı: 492
Bəzən yaşamaqdan yorulur insan,
Yanır öz içində, qovrulur insan.
Mənasız görünür yaratdıqları,
Bir ovuc kül kimi sovrulur insan!
Kədər ürəyində ağır bir şələ,
İllərlə daşıyar, gəlmədən dilə.
O başdan bu başa, elədən belə,
Gecə də, gündüz də qovulur insan!
Gəzir, bir nəfəsdən asılı kimi,
Boynundan, başından basılı kimi,
Özü öz içinə qısılı kimi,
Gizlənib qalsa da ov olur insan!
Qəfil ürəyində yanır bir işıq,
Dünya gözlərində gözəl, yaraşıq,
Olur naz-qəmzəli həyata aşiq,
Elə bil təzədən doğulur insan!