ƏDƏBİYYAT NƏDİR 

YAZARLAR 21:23 / 21.06.2026 Baxış sayı: 163

 

Ədəbiyyat insanın öz varlığı ilə apardığı ən qədim, ən davamlı və ən mənalı söhbətdir. O, sözün yaddaşa, yaddaşın taleyə, taleyin isə mənaya çevrildiyi müqəddəs bir yolçuluqdur və bu yolçuluqda insan həm danışan, həm dinləyən, həm də özünü yenidən kəşf edəndir. Ədəbiyyat sadəcə mətnlər toplusu, janrlar sistemi, bədii qaydalar məcmusu deyil, insan ruhunun tarix boyunca yaratdığı mənəvi xəritədir. Bu xəritədə sevinc də var, iztirab da, ümid də, üsyan da, dua da, sual da. İnsan ilk dəfə qorxusunu sözə çevirəndə, ilk dəfə sevincini nida ilə ifadə edəndə, ilk dəfə dərdini başqasına danışmaq ehtiyacı hiss edəndə ədəbiyyatın təməli qoyuldu və o gündən bu günə qədər söz insanın ən sadiq yoldaşı oldu. Ədəbiyyat insanın öz iç dünyasına enmək cəsarətidir, çünki hər kəs danışa bilər, amma hər kəs öz iç həqiqətinə baxmağa cürət etməz, ədəbiyyat isə məhz bu cürətin sənətə çevrilmiş formasıdır. O, bəzən sakit axan bir düşüncə kimi insanı öz içinə çəkir, bəzən də hayqıraraq cəmiyyəti silkələyir, yalanları ifşa edir, susqunluqları pozur. Ədəbiyyat həm fərdin daxili həyatını, həm də cəmiyyətin mənəvi durumunu eyni anda əks etdirə bilən nadir sahədir. Bu baxımdan o, təkcə estetik zövq yaratmır, həm də mənəvi məsuliyyət daşıyır. Ədəbiyyat insanı düşündürür, düşündürdükcə dəyişdirir, dəyişdirdikcə yetişdirir və bu proses səssiz, amma dərin şəkildə baş verir. Bəzən bir misra insanın bütün həyat baxışını alt-üst edə bilir, bir cümlə illərlə daşınan suallara işıq salır, bir obraz isə insanın özünü tanımasına güzgü olur. Ədəbiyyatın gücü məhz buradadır. O, insanı zorla inandırmır, əmr etmir, hökm vermir, sadəcə göstərir və düşündürür. Oxucu mətndə özünü tapanda, oradakı ağrını öz ağrısı kimi hiss edəndə, sevinci öz sevinci kimi yaşayanda ədəbiyyat öz missiyasını yerinə yetirmiş olur. Ədəbiyyat yaddaşdır, çünki xalqın keçdiyi yolları, çəkdiyi əzabları, qazandığı dəyərləri qoruyur; tarix hadisələri sadalayırsa, ədəbiyyat həmin hadisələrin insan qəlbində yaratdığı izləri danışır. Bu mənada ədəbiyyat tarixdən daha canlı, daha hissli, daha dərindir, çünki o, rəqəmlərlə deyil, talelərlə danışır. Hər bir böyük ədəbi əsər öz dövrünün mənəvi portretidir və həmin dövrü gələcəyə ötürən görünməz körpüdür. Ədəbiyyat olmasaydı, zaman yalnız xronologiya olardı, insanın daxili səsi isə itib gedərdi. Ədəbiyyat dilin ən yüksək ifadə formasıdır, amma onun məqsədi dili nümayiş etdirmək yox, dil vasitəsilə insanı anlatmaqdır; söz burada bəzək deyil, məsuliyyətdir. Hər söz öz yerində deyildikdə mənaya çevrilir, mənaya çevriləndə isə vicdana toxunur. Ədəbiyyat həm də əxlaqın, mənəviyyatın, dəyərlərin sınaq meydanıdır. Yaxşı ilə pisin, haqq ilə haqsızın, doğru ilə yalanın mübarizəsi çox vaxt məhz ədəbi mətnlərin içində öz ən təsirli ifadəsini tapır. Lakin ədəbiyyat didaktik nəsihət kitabı deyil, o, hazır hökm vermir, insanı seçim qarşısında qoyur və düşünməyə məcbur edir. Bu düşüncə prosesi insanı tədricən formalaşdırır, onu daha həssas, daha anlayışlı, daha məsuliyyətli edir. Ədəbiyyat empatiya məktəbidir. Başqasının ağrısını hiss etməyi, başqasının taleyinə biganə qalmamağı öyrədir. Bir obrazın yaşadığı faciəni oxuyan insan real həyatda da eyni ağrıya laqeyd qala bilmir, çünki artıq qəlbində bir duyarlılıq formalaşıb. Ədəbiyyat bu baxımdan cəmiyyətin mənəvi immunitetidir. O zəiflədikdə, söz dəyərdən düşdükdə, düşüncə səthiləşdikdə cəmiyyət də ruhən kasıblaşır. Ədəbiyyat həm də azadlıqdır, çünki fikir azadlığının ən dərin ifadə formalarından biridir, söz sərbəst olduqda düşüncə də sərbəst olur. Tarix boyu ədəbiyyat çox vaxt qadağalarla, təzyiqlərlə, senzura ilə üzləşib, amma buna baxmayaraq yaşamağı bacarıb, çünki sözün təbiətində azadlıq var. Şairin bir misrası, yazıçının bir cümləsi bəzən silahdan güclü olub, çünki o, insanın şüuruna toxunub. Ədəbiyyat eyni zamanda etirazdır, amma kobud üsyan deyil, mənəvi müqavimətdir,səssiz, dərin və davamlı bir dirənişdir. O, haqsızlığa qarşı vicdanın səsini ucaldır, susdurulanların dilinə çevrilir, görünməyənlərin görünməsini təmin edir. Bununla yanaşı, ədəbiyyat yalnız ağrıdan, faciədən ibarət deyil, o, gözəlliyin, sevginin, ümidin, mərhəmətin də məkanıdır. İnsan yalnız iztirabla yaşamır, o, eyni zamanda sevmək, bağlanmaq, xəyal qurmaq istəyir və ədəbiyyat bu hisslərin ən saf ifadəsini yaradır. Sevgi şeirləri insan qəlbinin incə qatlarını açır, romantik mətnlər ruhu yumşaldır, həyatın sərtliyini bir anlıq da olsa unutturur. Ədəbiyyat bəzən sığınacaqdır, insanın yorulduğu, incindiyi, anlaşılmadığı anlarda çəkildiyi mənəvi bir liman. Kitab insanı təkliyindən xilas edir, ona “sən tək deyilsən” deyir, çünki oxuduğu sətirlərdə öz yaşadıqlarının başqaları tərəfindən də hiss edildiyini görür. Bu mənada ədəbiyyat insanın daxili tənhalığını paylaşan səssiz dostdur. Ədəbiyyat həm də sualdır. O, hazır cavablar təqdim etmir, əksinə, suallar doğurur. İnsan kimdir, həyat nədir, ölüm nədir, sevgi nədir, ədalət nədir, həqiqət haradadır? Bu sualların hər nəsildə yenidən verilməsi ədəbiyyatı canlı saxlayır. Zaman dəyişir, formalar dəyişir, üslublar yenilənir, amma bu suallar öz aktuallığını itirmir. Buna görə də ədəbiyyat keçmişə aid bir xatirə deyil, daim yenilənən canlı orqanizmdir. O, hər dövrdə öz dilini tapır, amma mahiyyət etibarilə insanın daxili ehtiyaclarından qidalanır. Ədəbiyyat təfəkkürü dərinləşdirir, sözə məsuliyyət hissi aşılayır, düşüncəni sistemləşdirir. Yazmaq və oxumaq insanı səbrə öyrədir, çünki söz tələskənliyi sevmir. O, düşünülmək, hiss olunmaq, yaşanmaq istəyir. Bu baxımdan ədəbiyyat sürət əsrində yavaşlamağı öyrədən nadir sahələrdən biridir. O, insanı anın içində saxlayır, diqqəti dərinliyə yönəldir, səthi baxışdan xilas edir. Ədəbiyyatın formalaşdırdığı zövq yalnız estetik deyil, həm də əxlaqi zövqdür. İnsan oxuduqca nəyin dəyərli, nəyin ötəri olduğunu daha aydın seçməyə başlayır. Ədəbiyyat milli kimliyin qorunmasında da mühüm rol oynayır, çünki dilin ən saf, ən ifadəli forması məhz ədəbiyyatda yaşayır. Dil ədəbiyyat vasitəsilə zənginləşir, dərinləşir, yaddaşını qoruyur. Xalqın ruhu onun ədəbiyyatında danışır, sevinc və kədəri orada şəkil alır. Buna görə ədəbiyyat yalnız fərdi yox, həm də kollektiv şüurun ifadəsidir. Eyni zamanda, ədəbiyyat milliliklə bəşəriliyi birləşdirən nadir körpüdür. Bir xalqın taleyindən doğan əsər başqa xalqlar tərəfindən də anlaşıla, sevilə bilir, çünki insan hissləri ümumbəşəridir. Bu da ədəbiyyatı sərhədsiz edir. Ədəbiyyat nəhayət, insanın özünə qayıdış yoludur. Gündəlik həyatın səs-küyündə itirdiyimiz daxili səsi yenidən eşitmək üçün açılan bir qapıdır. O qapıdan keçən insan artıq əvvəlki kimi olmur, çünki söz ona toxunur, iz buraxır, düşündürür. Ədəbiyyat insanı kamilliyə aparan yolların ən səssiz, amma ən təsirli olanıdır. O, insanı insan edən duyğuları qoruyur, dəyərləri yaşadır, ruhu diri saxlayır. Buna görə də ədəbiyyat sadəcə “nədir?” sualı ilə izah olunacaq anlayış deyil, o, yaşanan, hiss edilən, düşünülən, ötürülən bir mənəvi haldır. Ədəbiyyat insanın özünü anlama cəhdidir və bu cəhd bitmədikcə ədəbiyyat da var olacaq, çünki insan yaşadıqca sözə ehtiyac duyacaq, söz yaşadıqca isə ədəbiyyat yaşayacaq.

 Sevil Azadqızı