Fərhad Tapdıqoğlu - Düşüncələr

YAZARLAR 08:11 / 20.06.2026 Baxış sayı: 479

 

Başlar

Başını çox dik tutma,gözlərin ayaqlarının altını görməz,yıxılarsan.

Dik başın dikbaşlığın güdazına gedər...

=

Qorxudan əsən ayaqlar başı dik saxlaya bilməz.

=

Başının altında lap elə qu quşunun tükündən olan balış olsa belə,arxayınlaşmaq olmaz.

Başının üstündən də məlumatlı olmalısan.

=

Başsız başa keçib,başda oturarsa,başlıları da başından eləyər.

=

İki əl bir başı saxlaya bilmirsə,təqsirkar elə başın özüdür.

=

"Daş atıb ,başını tutan " insanlar əsasən yalançı insanlardır.

=

Ağıl başdan çıxıb,başqa orqanlarda "məskunlaşanda" faciə başlayır.

O,artıq ağılsız adam hesab olunur.

=

Başın çıxmayan işə başını soxma.

Başına batmayan şeylərdən başını uzaq elə.

Əgər başına girmirsə,başını incitmə.

Başının salamat olmasını istəyirsənsə ,başını kənara çək.

Başın boşdursa,başını başlara qatma.

Yekəbaş adamdırsa ,ona baş qoşma.

Dəyərsiz başların qarşısında başını əymə...

Başsızların içində baş olmaq hünər deyildir,başlıların içində baş ol...

=

Bəzi başıbağlıların ayaqlarını da bağlamaq lazımdır.

P.S.bəzilərinin.

=

Hər "yekəbaşın " başı yekə olmaz.

Hər başı yekənin başının içi dolu olmaz.

Başı yekə olsan da,"yekəbaş" olma.

=

Obaşdan...

Xəbər gəldi o başdan...

Vəzifədəydi,hamını edirdi o ,başdan ( başından)...

Çıxardılar onu işdən...məhrum oldu o "başdan"...

P.S."başdan"- yəni vəzifə başından.

=

Bəzən boş başa baxmaqdansa,təzə çəkməli ayağa baxmaq daha yaxşıdır.

=

"Başdan aşıb tökülən" pullar əsasən haram yolla qazanılan pullar olur.

Haram isə ya başdan,ya da burundan tökülür...

=

Ətrafında baş verənlərdən ayıq başla baş aça bilmirdi.

Getdi "başını açmağa" ki,"başını açıb",baş verənlərdən baş açsın.

Baş verənlərdən baş açmaq üçün "başı açmaq " kifayət eləmir,gərəkdir başın da baş olsun,boş olmasın...

=

Ağlım başımdaydı...amma başım ağrıyırdı...o qədər danışdılar ki,başım böyüdü...başımı xarab elədilər...ağlım başımdan çıxdı...başımı aparırdılar...güclə başımı götürüb qaçdım...

=

"Başın bədəninə ağırlıq eləməsin".

Baş bədənə ağırlıq edəndə,bədən başı saxlamır,atır yerə...

=

"Daş atdı,başını tutdu"

Daşı atandan sonra nə üçün başını tutur?

Bəlkə həmin daşın qayıdıb ,öz başına dəyməsindən qorxur?!..

=

Nə qədər yaşayırsan,başını dik tut,yaşa! "Dikbaş" kimi yaşama!

Onsuz da dik saxladığın başın da son nəfəsdə çiyninə düşür...

Çiyinlərinin üstündə dayanan başın, son anda çiyinlərinin ağuşuna yıxılır.

Sonra səni əbədi evinə ,anamız torpağın qucağına qoyurlar...tər-təmiz ağappaq geyimində...

Sinə daşı...baş daşı...

Dik dayanan baş daşımız!

Elə o daş da əbədilik başını dik tuta bilmir...

O da əyilir sonda...sinə daşına əyilir...ana torpağa əyilir dik dayanan baş daşımız...

Vaxtilə dik dayanıb,sonda çiynimizə düşən başımız kimi...